-1 C
Baku
Sunday, December 15, 2024

ABŞ-da geniş miqyaslı telefon fırıldağının üstü açıldı

ABŞ federal rəhbərliyi hindli call-centre-lərindən istifadə edilərək həyata keçirilən geniş miqyaslı fırıldaqçılıq sxeminin üstünün açılması barədə məlumat paylaşıb. Fırıldaqçılar ABŞ vətəndaşlarına zəng edir, özlərini Vergi idarəsinin (IRS) əməkdaşları və yaxud daxili təhlükəsizlik nazirliyinin miqrasiya xidmətinin nümayəndələri kimi təqdim edərək onlardan pul tələb edirmiş.

Ümumi olaraq cinayət işinə 56 ABŞ və Hindistan vətəndaşı, Hindistanın Əhmədabad şəhərində yerləşən 5 call-centre cəlb edilib. Cinayət işinə Texas ştatının federal məhkəməsi baxır. İstintaq çərçivəsində artıq ABŞ-ın müxtəlif ştatlarında 20 nəfər həbs edilib.

Cinayət qurbanlarına zəng edən və onları hədələyən fırıldaqçılar onlardan guya vergi ödəmək və ya borcun ödənməsi üçün hesaba pul köçürmələrini tələb edirdilər. Fırıldaqçıların ABŞ-da olan köməkçiləri qurbanlardan pul alır, qanuniləşdirir və Hindistana göndərirdilər.

Fırıldaqçıların əsas qurbanları isə yaşlı insanlar və yaxud pul ödəmədiyi halda deportasiya ilə hədələnən mühacirlər idi. Cinayətkarlar marketinq şirkətlərinin məlumat bazalarından insanların doğum tarixi və adlarını ələ keçirir, təhlil edir və qurbanlarını seçirdilər.

Baş prokurorun köməkçisi Lesli Kaldvell deyib: “Cinayətkar şəbəkə demək olar ki, 4 il ərzində müxtəlif üsullardan istifadə edərək telefon vasitəsilə insanları qorxutmuş, həbs, deportasiya və ABŞ rəhbərliyi ilə digər problemlərlə hədələmiş və pullarını mənimsəmişlər”.

15 000-dən çox insan fırıldaqçılara ümumilikdə 250 milyon dollardan çox vəsait köçürmüşlər. Qurbanlardan biri 136 000 dollar ödədiyini bildirib.

Cinayətkarlar telefonla hədələməklə kifayətlənmirdilər. Kolorado-Springs sakini “vergi borcunu” ödəməyə pul tapmadıqda cinayətkarlar 911-ə zəng edərək onun silahlı olduğunu və polisləri öldürməyə hazırlaşdığını demişdilər. Nəticədə bir neçə dəqiqə sonra həmin şəxsin evi silahlı xüsusi xidmət əməkdaşları tərəfindən əhatəyə alınmışdı. Hökumət rəhbərliyinin verdiyi məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb.

Cinayətkar şəbəkə öz qurbanlarına qarşı cüzi də olsa rəhm hissi duymurdular.

Məmurların dediyinə görə bu kriminal şəbəkə hələ aysberqin görenən tərəfi ola bilər. 2013-cü ildən etibarən polis idarələrinə fırıldaqçılar ilə bağlı 1,8 milyondan çox şikayət daxil olub. 9600-dan çox insan fırıldaqçılara 50 milyon dollardan çox pul ödəyib.

Bu cinayətkar dəstənin qurbanı olmuş insanların bildirdiyinə görə hər şey çox sürətlə baş verdi və onlardan bəziləri hələ də onlarla nə baş verdiyini dərk etmir.

2014-cü ildə fırıldaqçılar tərəfindən aldadılan 60 yaşlı Cozef 25 000 dollarından məhrum olmuşdu. “Sizinlə nə baş verəcəyini təxmin edə bilməzsiniz. Bu çox utancvericidir” – deyə o bildirib.

ABŞ-da fırıldaqçıların köməkçiləri olan şəxslər cinayət əməlindən əldə edilən gəlirin leqallaşdırılması üçün həmin pullara nəhəng supermarketlərdə hədiyyə kartları almış, daha sonradan onları internetdə endirim ilə satmışlar. Bəzi qurbanlardan isə pulları Western Union kimi sistemlər vasitəsilə köçürməyi tələb etmişlər.

Son xəbərlər
Digər xəbərlər