6 C
Baku
Monday, December 16, 2024

ABŞ-da “Milyonluq qurtuluşçunun marşı” adlı etiraz aksiyası keçiriləcək

ABŞ-da “Milyonluq qurtuluşçunun marşı” (“Million Militia March”) şüarı altında tvitterdə paylaşımlar edilir.

“CNN Türk” xəbər verir ki, aksiyanı ABŞ Prezidenti Donald Trampın tərəfdarları keçirir.

Sağçı silahlı qruplar sosial şəbəkələrdə yeni prezident Cozef Baydenin yanvarın 20-də paytaxt Vaşinqtonda keçiriləcək andiçmə mərasiminə etiraz etməyə çağırırlar. ABŞ tarixində ilk dəfədir belə çağırış səsləndirilir.

Xatırladaq ki, 2020-ci ilin noyabr ayının 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Yekun nəticələrə görə, müxalif Demokratlar Partiyasının namizədi, 78 yaşlı senator Cozef Bayden Respublikaçılar Partiyasının təmsilçisi, hazırkı prezident Donald Trampa qalib gəlib. Buna baxmayaraq, D.Tramp seçkilərdə saxtakarlığın olduğunu açıqlayaraq nəticələri tanımayıb. Bunun fonunda ABŞ-ın bir sıra ştatlarında hazırkı prezidentin tərəfdarları nümayişlər keçirməyə başlayıb.

Yanvarın 6-da Vaşinqtonda keçirilən böyük mitinq isə iğtişaşa çevrilib. Donald Trampın tərəfdarları Konqres binasına basqın edib. Bu zaman 4 vətəndaş həlak olub, 14 polis yaralanıb.

Vaşinqton Polis İdarəsinin rəisi Robert Kontinin sözlərinə görə, vətəndaşlardan biri polisin açdığı atəş nəticəsində ölüb.

Paytaxtda qarışıqlıq düşəndən sonra Donald Tramp başda Cozef Bayden olmaqla digər siyasətçilərin təzyiqi altında tərəfdarlarına videomüraciət edib. O, müraciətdə seçki nəticələrinin oğurlandığını, lakin bununla belə zorakılığa yol verilməməsinin vacibliyini vurğulayıb.

Yanvarın 7-də ABŞ konqresinin hər iki palatasının – Senat və Nümayəndələr palatasının birgə keçirilən iclasında Cozef Baydenin prezident seçkilərindəki qələbəsi təsdiqlənib. Donald Tramp isə, öz növbəsində, yanvarın 20-da hakimiyyəti dinc yolla ötürəcəyini açıqlayıb. Yanvarın 20-də C.Baydenin prezident kimi and içəcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər