ABŞ Federal Ehtiyat Sisteminin (FES) bu il dekabrın 13-14-də keçiriləcək növbəti iclasında uçot dərəcəsinin artırılacağı ilə bağlı ehtimallar bu gün 91%-ə yuksəlib.
“İnvesting.com” saytına istinadən xəbərə görə, ehtimallar keçən həftənin cümə günü, noyabrın 11-də 81,1%, noyabrın 8-də – ABŞ-da prezident seçkilərinə bir neçə gün qalmış isə 71,5% olub. Qeyd edək ki, Donald Trampın prezident seçilməsi ilə bağlı nəticələr açıqlandıqda bu ehtimallar hətta qısamüddətli olaraq 54%-ə enib.
FES-in uçot dərəcəsini artırması ehtimallarının yüksəlməsi D.Trampın fiskal stimullaşdırma, infrastruktur xərclərinin artırılması ilə bağlı bəyanatları fonunda maliyyə vəsaitlərinə ehtiyacın yaranması və nəticədə, faizlərin və inflyasiyanın artacağı gözləntiləri ilə əsaslandırılır. Nəticədə, ABŞ-ın 10 illik dövlət istiqrazları üzrə gəlirlilik 11,2 bənd artaraq 2,229%-ə, 30 illik – 9,5 bənd artaraq 3,009%-ə, 2 illik istiqrazlar üzrə isə 6,9 bənd artaraq 0,976%-ə yüksəlib.
Xatırladaq ki, seçkilərə bir neçə gün qalmış ABŞ-da 10 illik istiqrazların faiz dərəcəsi 1,8%-dən aşağı olub.
Report