ABŞ iqtisadiyyatına olan investor etimadı Prezident Donald Trampın Federal Ehtiyat Sistemində dəyişiklik etmək planları səbəbilə daha bir zərbə aldığından Dollar bazar ertəsi günü kəskin şəkildə ucuzlaşdı. Hazırda Trampın bu planları mərkəzi bank funkisiyasında olan FED müstəqilliyinə dair suallar yaradıb.
Banker.az xəbər verir ki, Ağ Evin iqtisadi müşaviri Kevin Hassett cümə günü bildirib ki, prezident və komandası FED sədri Cerom Pauelin vəzifədən azad olunub-olunmayacağını araşdırmağa davam edirlər. Tramp bir gün əvvəl Pauelin vəzifədən çıxarılmasını “kifayət qədər tez ola bilməz” ifadəsi ilə tənqid etmiş və Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmasını tələb etmişdi.
Dollar İsveçrə frankına qarşı son on ilin ən aşağı səviyyəsinə enib və yeddi ayın minimumuna düşərək yapon yeninə qarşı da zəifləyib. Avro isə son üç ilin ən yüksək səviyyəsinə çatıb. ABŞ dollarına olan inamsızlıq böhranı davam edir.
ABŞ dollarının altı əsas valyuta səbətinə qarşı ölçülən DXY indeksi 1 faiz azalaraq 98 bənndən aşağı düşüb və buda 2022-ci ilin martından bu tərəfə ABŞ valyutası üçün minimal göstəricidir.
Avstraliya və Honkonq bazarları bayramla əlaqəli bağlı olduğundan ticarət həcmi az olub. Əksər qlobal bazarlar cümə günü bayram səbəbilə bağlı olub.
Xatırladaq ki, Pauel birbaşa Trampa hesabat vermir, yəni prezident onu faktiki olaraq işdən çıxara bilməz. Yalnız müəyyən prosedurlar çərçivəsində vəzifədən azad edilə bilər ki, bu da daha yüksək tələblər qoyur. Bununla belə bir sıra iqtisadçılar hesab edir ki, prezident Fed-in müstəqil imicinə xələl gətirə bilər.
Avro 1.1533 dollara qədər yüksəlib, dollar isə İsveçrə frankına qarşı 0.8069 səviyyəsinə düşərək 10 ilin minimumuna çatıb və yapon yeninə qarşı 1.1% ucuzlaşaraq 140.63 səviyyəsində olub.
CFTC məlumatlarına görə, yapon yeninə qarşı xalis uzun mövqelər 15 aprel tarixinə qədər olan həftə ərzində rekord səviyyəyə çatıb.
Funt-sterlinq 0.5%-dən çox artaraq 1.3380 dollara yüksəlib ki, bu da 1 oktyabrdan bəri ən yüksək göstəricidir. Avstraliya dolları isə iki ayın maksimumu olan 0.64015 dollara çatıb.
Trampın genişmiqyaslı tarifləri və onun ticarət siyasətindəki qeyri-müəyyənlik qlobal bazarları alt-üst edib və dünyanın ən böyük iqtisadiyyatının perspektivlərini qaraldıb. Bu isə öz növbəsində ABŞ aktivlərindən çıxışı artıraraq dolları zəiflədir.
Dollar valyuta səbətinə qarşı bazar ertəsi günü üç ilin ən aşağı səviyyəsi olan 98.267-yə enib. Yeni Zelandiya dolları isə 0.7%-dən çox bahalaşaraq beş ayın maksimumu olan 0.5981 dollara çatıb.
Digər tərəfdən, Çin yuanı daxili bazarda dollara qarşı təxminən 0.2% bahalaşaraq 7.2875 səviyyəsinə qalxıb. Ofşor yuan isə 7.2897 səviyyəsində olub.
Çin bazar ertəsi günü əsas kredit faiz dərəcələrini ardıcıl altıncı ay sabit saxlayıb və bu da bazar gözləntilərinə uyğun gəlib. Lakin bazarlar Çin-ABŞ ticarət müharibəsinin gərginləşməsi fonunda daha çox stimullaşdırıcı tədbirlərin tətbiq olunacağına ümid edir.