ABŞ Ermənistanı Nvidia çipləri vədi ilə sülh sazişinə razı salıb – WSJ

ABŞ Ermənistanı Azərbaycanla sülh sazişinin bağlanmasına razı salmaq üçün İrəvana Nvidia-nın ən qabaqcıl süni intellekt çiplərinin tədarükünü vəd edib. The Wall Street Journal bunu danışıqların iştirakçılarına istinadən yazır.

Qəzetin məlumatına görə, Vaşinqton Ermənistan üçün ABŞ ilə daha sıx iqtisadi əməkdaşlığı sülh prosesinin əsas stimullarından birinə çevirib. Bu paketə Nvidia-nın yüksək məhsuldarlıqlı çiplərinin Ermənistana ixracına icazə verilməsi də daxil olub. WSJ bunu ABŞ administrasiyasının yüksək texnologiyalardan xarici siyasət və sülh danışıqlarında birbaşa təsir vasitəsi kimi istifadə etdiyi ilk nümunələrdən biri adlandırır.

Bu siyasətin ən nəzərəçarpan nəticələrindən biri Ermənistanın Razdan şəhərində yaradılan Firebird süni intellekt məlumat mərkəzi olub. Avqustda Ermənistanın baş naziri Nikol Paşinyan Nvidia və Dell rəhbərləri ilə birlikdə layihənin açılışında iştirak edib. Dəyəri 5 milyard dollardan çox qiymətləndirilən mərkəzin 2027-ci ilin sonunadək Nvidia-nın Grace Blackwell və Vera Rubin platformalarına əsaslanan 70 min süni intellekt serveri ilə təchiz olunması planlaşdırılır. Layihənin ümumi hesablama gücü təxminən 300 MVt təşkil etməlidir. Paşinyan açılış mərasimində layihəni “böyük nailiyyət” adlandıraraq onun həyata keçirilməsinə köməyə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

WSJ yazır ki, Firebird layihəsinin Ermənistan-Azərbaycan sülh danışıqları ilə əlaqəsi ictimaiyyətə geniş açıqlanmayıb. Mənbələrin sözlərinə görə, Tramp administrasiyası Cənubi Qafqazda sülhü prioritet elan etdikdən sonra İrəvana göndərilən ABŞ diplomatları belə nəticəyə gəliblər ki, Ermənistan rəhbərliyini razılaşmaya sövq etmək üçün ölkəyə konkret iqtisadi və texnoloji üstünlüklər təqdim edilməlidir. Nvidia-nın ən qabaqcıl çiplərinə çıxış da bu təşviq paketinin əsas elementlərindən biri olub.

ABŞ-nin Ermənistandakı keçmiş səfiri Kristina Kvin bildirib ki, amerikalı diplomatlar Ticarət Nazirliyinin nümayəndələri ilə görüşərək Ermənistana Nvidia-nın ən qabaqcıl çiplərinin satışına icazə verilməsini istəyiblər. Montana ştatından respublikaçı senator Stiv Deyns isə bu çiplərə çıxışı Paşinyan üçün “siyasi qələbə” adlandırıb.

Qəzetin məlumatına görə, hələ 2025-ci ilin yayında Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun komandası Ermənistanın ABŞ ilə iqtisadi əlaqələrinin dərinləşdirilməsini nəzərdə tutan iki səhifəlik memorandum hazırlayıb. Sənəddə sülh sazişi çərçivəsində Firebird layihəsi üçün Nvidia çiplərinə ixrac lisenziyalarının verilməsi də nəzərdə tutulurdu.

Vaşinqton eyni zamanda Azərbaycanla Naxçıvanı Ermənistan ərazisi vasitəsilə birləşdirəcək dəmir yolu, avtomobil yolları və boru kəmərlərindən ibarət nəqliyyat dəhlizinin yaradılmasını təklif edib. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” adlandırılan layihənin tikintisinə 2027-ci ilin əvvəlində başlanması planlaşdırılır.

Fevralda Ermənistana səfər edən ABŞ vitse-prezidenti Cey Di Vens də Vaşinqtonun Nvidia-nın yüksək məhsuldarlıqlı çiplərinin Ermənistana satışı üçün bir sıra ixrac lisenziyaları verdiyini açıqlamışdı. Onun sözlərinə görə, bu qərar həm ABŞ şirkətləri üçün yeni bazarlar açacaq, həm də Ermənistan üçün iqtisadi imkanlar yaradacaq.

Nvidia-nın erməni əsilli yüksəkvəzifəli rəhbəri Rev Lebaredyan isə belə yanaşmanı “çip diplomatiyası” adlandıraraq onun Tramp administrasiyasının diqqət mərkəzində olduğunu bildirib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər