Val-Strit ABŞ Federal Ehtiyat Sisteminin gələn il əvvəl gözlənildiyi qədər faiz endirmi etməyəcəyi ilə bağlı məlumatlara sərt reaksiya verir, lakin aparıcı iqtisadçılar faiz artırılmasının da mümkün olduğunu görürlər.
Banker.az xəbər verir ki, bu barədə “Apollo Global Management”in baş iqtisadçısı Torsten Slok danışıb və artım ehtimalını nəzərdən keçirib.
“Güclü iqtisadiyyat eyni zamanda aşağı vergilər, yüksək tariflər və immiqrasiyaya məhdudiyyətlərinin tətbiqi ehtimalı ilə birləşərək FED-in 2025-ci ildə faiz dərəcələrini qaldırmaq məcburiyyətində qalma riskini artırıb”, – deyə o, cümə axşamı göndərdiyi qeydində bildirib.
“Biz faiz artırılma ehtimalını 40% olaraq qiymətləndiririk”.
Fortune bunu şərh edərək yazır ki, əslində iqtisadiyyat o qədər güclüdür ki, Ticarət Nazirliyi üçüncü rüb üzrə iqtisadi artım tempini əvvəlki 2.8%-dən 3.1%-ə, ikinci rübün 3%-lik səviyyəsindən də yüksək olaraq yenidən nəzərdən keçirib – yəni ÜDM bir qədər sürətlənib.
Cari rüblə bağlı proqnozlar isə yavaşlama əlaməti göstərmir. Atlanta Fed-in GDPNow proqnozu dördüncü rüb üzrə də 3.1%-lik bir artım göstərəcəyini bildirir. Slok qeyd edib ki, bu son proqnoz Konqresin Büdcə İdarəsinin uzunmüddətli 2%-lik iqtisadi artım baxışından xeyli yüksəkdir.
Bu arada Prezident seçilmiş Donald Tramp seçki kampaniyasında vergi azaldılması, yüksək tariflər və immiqrasiyanın məhdudlaşdırılmasını təklif etmişdi ki, bu siyasət inflyasiya təzyiqlərini artıran amillər kimi qəbul edilir.
İnflyasiya hələ də FED-in 2%-lik hədəfindən yuxarı səviyyədə qalır. Bu siyasətlər faiz dərəcələrini cari ildə 100 baza bəndi endirib 4.25%-4.50%-ə salan mərkəzi banklara daha çox endirim üçün yer qoymaya bilər.
Gələn il üçün iqtisadi proqnozlarında FED rəsmiləri bu amilləri nəzərə alaraq inflyasiya proqnozlarını əhəmiyyətli dərəcədə artırıb, amma iqtisadi artım və işsizliklə bağlı proqnozlarında böyük dəyişiklik etməyib.
“İnvestorlar üçün vəziyyət artıq 2022-ci ilə bənzəməyə başlayır – yüksək inflyasiya, faiz dərəcələrinin artması və azalan səhm qiymətləri”, – Slok əlavə edib.
2022-ci ildə S&P 500 indeksi 19%, Nasdaq isə 33% azalmışdı və bazarlar 2008-ci ildən bəri ən pis ili yaşamışdı.
Uol-Stritdə başqaları da gələn il FED-in daha sərt mövqe nümayiş etdirəcəyini gözləyir. Bazar veteranı Ed Yardeni çərşənbə günü qeydində gələn il bir və ya heç bir faiz endirimi olmayacağı ehtimalının daha yüksək olduğunu bildirib.
Bu, “neytral faiz dərəcəsi” – yəni nə artımı, nə də azalmanı təmin edən səviyyənin qeyri-müəyyən qalması ilə bağlıdır. Analitiklər iqtisadiyyatın daha sərt pul siyasətinə dözüb-dözməyəcəyini qiymətləndirir.
“Biz düşünürük ki, iqtisadi artım FED-in gözləntilərindən daha güclü olacaq və buna görə də, neytral dərəcə 3.0%-dən yüksəkdir, bəlkə də 4.5%-5.0%-ə daha yaxındır”, – deyə “Yardeni Research”in qeydində bildirilib.
“Əgər real ÜDM artımı FED-in gözləntilərindən üstün olarsa, bizcə, *FOMC müəyyən müddət üçün qərarlarını dayandıra bilər”, – əlavə olunur.
*Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsi