6 C
Baku
Monday, December 16, 2024

ABŞ Federal Ehtiyatlar Sistemi kriptovalyuta bazarına necə təsir edir?

ABŞ Federal Ehtiyatlar Sistemi (FRS) iyunun 14-də verdiyi qərara əsasən uçot faiz dərəcəsi diapazonunu illik 5-5,25% səviyyəsində saxlayıb. FRS-in bu qərarı verməsinə təsir edən əsas səbəb, iyunun 13-də ABŞ Əmək Statistikası Bürosunun ölkədə istehlak qiymətləri indeksinin (CPI) 4%-ə (əvvəlki 4.9% idi) enməsi barədə açıqlaması oldu. Bu, inflyasiyanın kəskin azalması və 2021-ci ilin martından bəri ən aşağı göstəricisidir. FRS-in rəhbəri Jerome Powell çıxışı zamanı inflyasiya səviyyəsinin hələ də yüksək olduğunu açıqlasa da, ümumilikdə ABŞ-da iqtisadi fəallığın cüzi templə böyüməyə davam etdiyini qeyd edib.

ABŞ Federal Ehtiyatlar Sisteminin faiz qərarı kriptovalyuta bazarında qiymətlərə təsir edən vacib fundamental faktorlardan biridir. Çünki faiz dərəcəsinin dəyişməsi birbaşa dolların likvidlik həcminə təsir edir və nəticədə bitcoin və digər riskli aktivlərin qiymətinin dəyişməsinə səbəb olur. Bəs FRS-in faiz qərarı dolların likvidlik həcminə və bitcoin-in qiymətinə nəcə təsir edir? Bunu qısa və aydın şəkildə izah etməyə çalışacam.

FRS-in faiz dərəcəsi ABŞ-ın monetar siyasətinin əsas alətlərindən biridir ki, bu da inflyasiyanın və iqtisadi artımın hədəf səviyyəsini saxlamağa yönəlib. FRS-in faiz dərəcəsi bazarda pulun dəyərini müəyyən edir və dollara olan tələb və təklifə birbaşa təsir göstərir. Ümumiyyətlə, FRS-in uçot faiz dərəcəsinin artırılması dolların likvidliyinin azalmasına gətirib çıxarır, çünki bu, dolları bahalaşdırır və investorlar üçün cəlbedici edir. Bu o deməkdir ki, dollara tələb təklifi üstələyir və bazar iştirakçıları dollar qıtlığı yaşayır. Dolların güclənməsi dünyada əsas antiböhran aktivi olan ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artmasına səbəb olur. Əksinə, FRS-in uçot dərəcəsinin aşağı salması isə dolların likvidliyinin genişlənməsinə gətirib çıxarır, çünki bu, dolları ucuzlaşdırır və investorlar üçün daha az cəlbedici edir. Bu o deməkdir ki, dollar təklifi tələbi üstələyir. 

FRS-in uçot faiz dərəcəsi kriptovalyutaların qiymətinə necə təsir edir?

İqtisadi tənəzzül və ya böhran zamanı FRS-in uçot faiz dərəcəsini artırır. Bununla paralel olaraq kommersiya bankları fiziki və hüquqi şəxslərə verilən kreditlər üzrə faizləri artırır və beləliklə investisiyalar bahalaşır. Bu, bütün sahələrdə iqtisadiyyatı ləngidir, mallara, xidmətlərə və istənilən iqtisadiyyatın digər komponentlərinə tələbat azalır. Belə çətin şəraitdə investorlar səhmlər və bitcoin də daxil olmaqla yüksək riskli aktivləri sataraq, dövlət istiqrazları kimi proqnozlaşdırıla bilən və nisbətən az gəlirli aktivləri seçməyə meylli olurlar. Bundan əlavə, faiz dərəcəsinin artırılması fond bazarına da mənfi təsir göstərir. Kriptovalyutalar ayrıca aktiv sinfi olsalar da, səhm bazarı ilə sıx əlaqəlidirlər, ona görə də FRS-in faiz artımı böyük ehtimal bitcoin-in dəyər itirməsi ilə müşahidə olunacaq. Faiz dərəcəsini aşağı salındıqda isə FRS sistemə likvidlik yeridərək açıq bazarda aktivlər əldə etməyə başlayır. Bazarda dollar çoxalır, kreditlər ucuzlaşır, investisiya mühiti yaxşılaşır. Bütün bunlar iqtisadi artımı sürətləndirir, biznesə və vətəndaşlara aşağı faiz dərəcələri vasitəsilə daha ucuz pul əldə etməyə imkan verir. Ucuz pul investorları risk tələblərini azaltmağa və yeni texnologiyalara, startaplara və kriptovalyutalar da daxil olmaqla digər riskli aktivlərə investisiya etməyi təşviq edir. Bitcoin-in dəyər qazanması ümumilikdə kriptovalyuta bazarında altkoinlərin qiymətlərinin qalxmasına birbaşa təsir edir. FRS növbəti aylarda faizləri azaltmaq istiqaməti tutsa, kriptovalyutaların qiyməti birmənalı şəkildə qalxacaq. Hesab edirəm ki, bu proses cari ilin sentyabr ayından başlaya və 2024-cü ilin noyabr ayına qədər davam edəcək. Əgər, FRS-in faiz dərəcəsinin aşağı salınması geosiyasi risklərin artması, qlobal iqtisadiyyatda ümumi böhran və dünya bazarlarında qeyri-sabitlik ilə müşayiət olunarsa, bu, təhlükəsiz valyuta kimi dollara yenidən tələbatın artmasına səbəb ola bilər ki, bu da öz növbəsində kriptovalyutaların dəyər itirməsi ilə nəticələnək. 

əllif: Elnur Quliyev / Birgə İnvest, Layihələr üzrə baş menecer

 

Son xəbərlər
Digər xəbərlər