Son həftələrdə ABŞ-nin S&P 500, Nasdaq 100 və digər fond indeksləri neft qiymətlərinin yüksək qalmasına və Yaxın Şərqdəki münaqişənin həllində irəliləyiş olmamasına baxmayaraq yeni rekord maksimumlara yüksəlib. Artımın əsas hərəkətverici qüvvəsi yarımkeçirici sektorundakı şirkətlər olub.
İlin əvvəlindən “Philadelphia Semiconductor Index” 71% artıb və hazırda 52 həftəlik minimumdan 160% yuxarı səviyyədədir. İndeksin bəzi komponentləri isə daha ekstremal dinamika nümayiş etdirir.
Məsələn, “Micron Technology” şirkətinin səhmləri ilin əvvəlindən 180% bahalaşıb və hazırda 52 həftəlik minimumundan 770% yuxarı ticarət olunur. Bu kimi səhmlər Nasdaq 100 indeksinin demək olar ki, şaquli yüksəliş göstərməsinə kömək edib.
Belə bir fonda yarımkeçirici şirkətlər indeksinin RSI göstəricisinin sonuncu dəfə 2000-ci ilin martında — dotkom köpüyünün partlaması və ABŞ fond bazarının çökməsi ərəfəsində müşahidə olunan səviyyələrə çatması təəccüblü deyil.
S&P 500 indeksinin daxili dinamikası da narahatlıq doğurur. Belə ki, ötən həftə indeks növbəti rekord səviyyələrə yüksəldiyi halda, cümə günü yalnız 21 komponent yeni 52 həftəlik maksimumlara çatıb. Eyni zamanda, indeksin 27 komponenti (5,4%) 52 həftəlik minimumlara enib.
Son 60 ildə S&P 500 indeksinin tarixi maksimumlara çatdığı və eyni anda komponentlərinin 5%-dən çoxunun 52 həftəlik minimumlara düşdüyü cəmi dörd hal qeydə alınıb. Bu hallar 1972-ci ilin dekabrında, 1999-cu ilin dekabrında, 2015-ci ilin iyulunda və 2021-ci ilin dekabrında baş verib.
İlk iki epizoddan sonra bazarda kəskin “ayı bazarı” müşahidə olunub. 2015-ci ilin avqustunda isə “flash crash” adlanan hadisə baş verib. Həmin vaxt ticarətin ilk dəqiqələrində S&P 500 və Dow Jones Industrial Average indeksləri 3–5% geriləyib. 2021-ci ilin dekabrındakı vəziyyət isə 2022-ci ilin “ayı bazarı”ndan əvvəl baş verib.






