ABŞ hərbi dəniz qüvvələrinə məxsus F-35 yeni nəsil qırıcı təyyarəsi Cənub Çin dənizində “Carl Vinson” təyyarədaşıyan gəmisinə eniş edərkən qəzaya uğrayıb.
Bu barədə ABŞ Sakit okean donanmasının mətbuat xidməti məlumat yayıb.
“Hadisə F-35C təyyarəsi ilə yanvarın 24-də, “Carl Vinson” gəmisi Cənub Çin dənizində plan üzrə uçuşlar keçirərkən baş verib. Pilot uğurlu şəkildə təyyarədən ayrılıb və hərbi helikopter vasitəsilə xilas edilib”, – deyə məlumatda qeyd edilir.
Hadisə nəticəsində daha yeddi dənizçinin xəsarət aldığı bildirilir. Onlardan üçü Filippinin paytaxtı Maniladakı hərbi hospitala yerləşdirilib.
Hazırda hadisənin baş verməsinin səbəbləri araşdırılır.