Aktivlərin həcminə görə ABŞ-ın dörd ən böyük bankı bir gündə 52.4 milyard dollar dəyər itirib. “Financial Times” yazır ki, investorlar “JPMorgan Chase”, “Bank of America”, “Citigroup” və “Wells Fargo”nun səhmlərini martın 9-da öz istiqraz portfelləri ilə bağlı narahatlıqlarına görə satmağa başlayıblar.
Satışa texnologiya startapları ilə işləyən kiçik Kaliforniya bankı “Silicon Valley Bank”ın problemləri səbəb olub. Çərşənbə günü “SVB” müştəri depozitlərinin azalması nəticəsində yaranan 21 milyard dollarlıq qiymətli kağız portfelini satdıqdan sonra təxminən 1.8 milyard dollar itirdiyini açıqlayıb.
Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.
“SVB” səhmləri cümə axşamı günü 60% ucuzlaşaraq 2016-cı ildən bəri ən aşağı səviyyəyə düşüb. Cümə günü premarketdə onlar daha 34% ucuzlaşıb.
“FT” qeyd edir ki, bu situasiya investorları digər ABŞ banklarının istiqraz portfelləri ilə bağlı risklərə diqqət yetirməyə məcbur edib, onların əksəriyyəti uzunmüddətli qiymətli kağızlara, o cümlədən xəzinədarlıq istiqrazlarına, pandemiya zamanı depozit axınından əldə edilən vəsaitlərə investisiya qoyub.
İnvestorların əhval-ruhiyyəsinə həmçinin Kaliforniyanın kredit təşkilatı “Silvergate Bank”ın çöküşü də təsir edib. Bankın problemləri keçən il, əsasən müştərilərin “FTX” kriptovalyuta birjasının çökməsindən sağ çıxmaq üçün pullarını kütləvi şəkildə çıxarmağa başlayanda başlayıb.
“Silvergate”in çöküşündən və “SVB” ilə əlaqəli problemlərdən sonra bir çox investorlar “Növbəti kim olacaq?” sualı ilə maraqlanmağa başlayıblar.
“Silicon Valley Bank – aysberqin yalnız görünən hissəsidir”, – deyə “Whalen Global Advisors”un direktorlar şurasının sədri Kristofer Uelen söyləyib.