Fransanın Reünyon regionundan, Niderlandın Drente əyalətindən, Almaniyanın Şlezviq-Holşteyn vilayətindən, İngiltərənin Şərqi İngiltərə və Cənub-Şərqi İngiltərə regionlarından, ABŞ-ın Nebraska və Alyaska ştatlarından diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Banker.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, buna səbəb Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının həmin ərazilərdə yüksək patogen quş qripi xəstəliyi qeydə alınması ilə bağlı məlumatıdır.
Agentlikdən bildirilir ki, həmin ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.