“Legion Financial” ASC nizamnamə kapitalını artırmaq üçün yeni səhm emissiyası həyata keçirir.
Banker.az lizinq şirkətinin yayımladığı prospektə istinadən xəbər verir ki, bu addım maliyyə dayanıqlığını gücləndirmək və fəaliyyət imkanlarını genişləndirmək məqsədini daşıyır.
Emissiya çərçivəsində 6 min ədəd adi, adlı, sənədsiz səhmin nominal dəyəri hər biri 100 manat olmaqla ümumi həcmi 600 min manat təşkil edir. Səhmlər “Bakı Fond Birjası”nda kütləvi təklif üsulu ilə yerləşdiriləcək, prosesin anderrayteri isə “İnvest-AZ İnvestisiya Şirkəti”dir.
“Legion Financial” ASC maliyyə lizinqi sahəsində fəaliyyət göstərir və əsas məhsul kateqoriyası minik avtomobillərinin lizinqidir. Şirkətin ABŞ-da 100% törəmə müəssisəsi “Finoko – USA” MMC fəaliyyət göstərir.
Maliyyə göstəricilərinə gəlincə, 2025-ci ilin ilk 9 ayında xalis mənfəət 730 min manat, 2024-cü ilin yekununda isə 1,21 milyon manat olub. Şirkətin cəmi aktivləri 2025-ci ilin sentyabrına 19,7 milyon manata çataraq 2024-cü illə müqayisədə 43% artıb. 2024-cü ildə 13,8 milyon manat idi.
Kapital 4,23 milyon manat, öhdəliklər isə 15,5 milyon manat təşkil edir. 2024-cü il ərzində səhmdarlara 620 min manat dividend ödənilib.







