Alphabet, Meta, Amazon, Microsoft, Oracle, Nvidia, Broadcom, SpaceX və AMD-nin balanslarında hələ əks olunmayan ümumi öhdəliklərinin həcmi təxminən 3 trilyon dollara çatıb. The Wall Street Journal-ın hesablamasına görə, söhbət şirkətlərin gələcəkdə məlumat mərkəzlərinin icarəsinə, çiplərin, avadanlıqların və enerjinin alınmasına xərcləməyi planlaşdırdıqları vəsaitdən gedir.
Bu məbləğin təxminən 1,2 trilyon dolları hələ qüvvəyə minməmiş icarə müqavilələrinin, daha 1,9 trilyon dolları isə gələcək satınalmalar üzrə öhdəliklərin payına düşür. Müqayisə üçün, doqquz şirkətin son bir il ərzində ümumi kapital xərcləri təxminən 600 milyard dollar təşkil edib.
WSJ nümunə kimi Meta-nın Luiziana ştatında tikilməkdə olan məlumat mərkəzini göstərir. Şirkət layihədə iştirak etsə də, obyektin tikintisi üçün cəlb edilən 27 milyard dollarlıq borc Meta-nın balansında əks olunmur.
Belə maliyyə strukturu mühasibat uçotu qaydalarına uyğundur. Çünki satınalma öhdəlikləri adətən mal və ya xidmət faktiki təhvil verildikdən, icarə öhdəlikləri isə icarə müddəti başladıqdan sonra balansda tanınır.
Bununla belə, süni intellekt xərcləri ilə bağlı müqavilələrin böyük hissəsi artıq imzalanıb və ləğv edilə bilməz. Nəşr qeyd edir ki, bu da texnologiya şirkətləri üçün əlavə risk yaradır.
Əgər gələcəkdə süni intellektə tələb və bu sahədən əldə olunan gəlirlər gözləntiləri doğrultmasa, şirkətlər əvvəlcədən müqavilə bağladıqları məlumat mərkəzləri və avadanlıqlar üçün yenə də ödəniş etməli olacaqlar.
Morgan Stanley analitiklərinin fikrincə, balansdan kənar öhdəliklərin artması investorların süni intellekt şirkətlərinin real borc yükünü qiymətləndirməsini də çətinləşdirir.






