Vaşinqton Rusiya neftini alan ölkələrə, xüsusən də Çin, Hindistan və Braziliyaya qarşı ikinci dərəcəli sanksiyaların və rüsumların tətbiqi imkanlarını nəzərdən keçirir. Bunu “Bloomberg” TV-yə müsahibəsində ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.
Diplomatın sözlərinə görə, bu cür tədbirlər ABŞ-nin Ukraynadakı münaqişəyə son qoyması üçün “növbəti addım” olmalıdır. O qeyd edib ki, bu sanksiyalar Rusiya iqtisadiyyatına “həqiqətən zərbə vuracaq”.
İyulun 14-də ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişə 50 gün ərzində (sentyabrın 3-nə qədər) bitməsə, Rusiyadan və onun ticarət tərəfdaşlarından gələn mallara 100% rüsum tətbiq edəcəyini deyib.
Avqustun 4-də Tramp bildirib ki, avqustun 8-nə kimi Rusiya və Ukrayna arasında münaqişə həll olunmasa, Vaşinqton Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcək.