ABŞ-da şatdaun (büdcə olmaması səbəbindən federal müəssisələrin işinin müvəqqəti ixtisarı) davametmə müddətinə görə rekordu yeniləyib. Lakin onun sonu görünmür: Ağ ev administrasiyası və Konqres uzunmüddətli qarşıdurmaya hazırlaşırlar.
Xarici KİV-lərə istinadla, indiyədək ABŞ-da ən uzun sürən şatdaun 1995-ci ilin dekabrı – 1996-cı ilin yanvarında baş vermiş və 21 gün davam etmişdi. Hazırkı şatdaun isə artıq 22 gündür uzanır.
Büdcə böhranından yüz minədək dövlət qulluqçusu və podratçı əziyyət çəkir. Prezident Donald Tramp sərhəd təhlükəsizliyi və Meksika ilə sərhəddə divar tikintisi üçün 5,6 milyard dollar ayrılmasında israr edir, bu bənd olmadan büdcəni imzalamaqdan boyun qaçırır. Aralıq seçkilərində Konqresin Nümayəndələr Palatasında nəzarəti ələ alan demokratlar isə divar haqqında heç eşitmək istəmirlər.
Tramp sərhəd divarını Konqresdən yan keçməklə maliyyələşdirməyə cəhd göstərmək üçün sərhəddə fövqəladə vəziyyət tətbiq etmək haqqında fikirləşir. Lakin dərhal məhkəmə mübahisəsi yaradacaq bu addım administrasiya üçün aydın olmayan nəticələr verə və perspektivdə konqreslə münasibətləri korlaya bilər.
Azərtac