Amerika və Avropa rəsmiləri Rusiya ilə Ukrayna arasındakı sülh danışıqlarını müzakirə edirlər. Xüsusilə, tərəflər Kiyevin hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəlmək üçün nədən imtina etməli olacağı barədə danışırlar. Bildirilir ki, Ukraynanın “sülh danışıqları ilə bağlı təcili müzakirələrə” başlaması üçün ilin sonuna qədər vaxtı var.
Prezident Volodimir Zelenskinin danışıqlara başlaması üçün Ukraynaya alyansa rəsmi şəkildə qoşulmadan NATO təhlükəsizlik zəmanətləri təklif olunur. Ağ Evin keçmiş yüksək rütbəli məmuru deyib ki, Ukrayna döyüşmək üçün daha çox vaxt istəyə bilər, lakin “artıq gec olduğu və sövdələşmənin vaxtı çatdığına dair hisslər artır”.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Edrienn Uotson “NBC” telekanalına bildirib ki, danışıqlarla bağlı istənilən qərarı Ukrayna qəbul etməlidir. ABŞ, onun sözlərinə görə, davamlı dəstəyə diqqət yetirir. Yüksək vəzifəli məmurlardan biri telekanalla söhbətində Vaşinqtonun Kiyevi danışıqlara sövq edə biləcəyi fikrini rədd edib. Onun dediyinə görə, Ukrayna qoşunları “geosiyasətə deyil, hava şəraitinə əsaslanaraq” hərəkət edir.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnı daha əvvəl məqalə dərc edərək bildirib ki, onun fikrincə, döyüşlər dalana dirənib və vəziyyət illər boyu “mövqe müharibəsinə” çevrilə və “Ukraynanı tükəndirə” bilər. General xəbərdarlıq edib ki, “çox güman ki, böyük bir irəliləyiş olmayacaq”.