23 C
Baku
Wednesday, July 2, 2025

ABŞ və Çin Londonda ticarət danışıqlarını bərpa edib

“Bloomberg” yazır ki, ABŞ və Çin bazar ertəsi Londonda ticarət danışıqlarını bərpa edəcəklər. ABŞ-nin əsas məqsədi smartfonlar, elektromobillər və müdafiə sənayesi üçün lazım olan nadir torpaq maqnitlərinin əvvəlki tədarük həcmini bərpa etməkdir.

Görüşdə ABŞ-ni qabaqcıl texnologiyalar üzrə ixrac məhdudiyyətlərinə nəzarət edən ticarət naziri Hovard Lutnik təmsil edəcək. Nəşr yazır ki, onun iştirakı Ağ Evin bəzi məhdudiyyətləri aradan qaldırmağa hazır olduğunu göstərə bilər, xüsusən də Çin sənayesi üçün vacib olan çiplər, proqram təminatı və komponentlər baxımından. Öz növbəsində, Pekin nadir torpaq metallarının ixracı üçün bir neçə müraciəti təsdiqlədiyini bildirib.

Cenevrədə keçirilən ilk danışıqlarda tərəflər atəşkəsə razılaşıblar: ABŞ Çin malları üzrə baza dərəcəsini 145%-dən 30%-ə, Çin isə 125%-dən 10%-ə endirib. Bununla belə, atəşkəs avqustda başa çatır və irəliləyiş olmasa, dərəcələr əvvəlki səviyyəyə qayıda bilər.

Tariflər artıq öz təsirini göstərib: may ayında Çinin ABŞ-yə ixracı ötən illə müqayisədə 35% azalıb. Bu, pandemiyanın başlanmasından bəri ən kəskin azalmadır. Təchizatla bağlı proqnozlar qeyri-müəyyən olaraq qalsa da, Pekin daxili bazara mərc edir. İqtisadiyyatı dəstəkləmək üçün Çin Mərkəzi Bankı kreditləri ucuzlaşdırmaq və daxili tələbi stimullaşdırmaq məqsədilə əsas faiz dərəcələrini azaldıb və bank sisteminə əlavə vəsait yönləndirib.

Son xəbərlər
Digər xəbərlər