10 C
Baku
Thursday, December 12, 2024

ABŞ və Gürcüstan kiberhücuma görə Rusiyanı ittiham edirlər

Vaşinqton və Tbilisi ötən oktyabr ayında Gürcüstanın minlərlə internet saytını vurmuş planlı kütləvi kiberhücuma görə Rusiyanı ittiham edirlər.

Gürcüstan Xarici İşlər Nazirliyinin sözçüsü Vladimer Konstantinidi fevralın 20-də Tbilisidə keçirilən mətbuat konfransında deyib ki, bu hücum Rusiya tərəfindən hazırlanıb və həyata keçirilib:

“Gürcüstan hakimiyyət orqanlarının apardığı təhqiqat və partnyorlarla əməkdaşlıq çərçivəsində toplanmış informasiya göstərir ki, bu kiberhücum Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahının əsas bölümü tərəfindən hazırlanıb və reallaşdırılıb”.

Bu arada ABŞ dövlət katibi Mike Pompeonun bəyanatında deyilir ki, bu hücum Rusiya Baş Hərbi Kəşfiyyat İdarəsinin (GRU) 74455 və Sandworm adlı qrupları tərəfindən həyata keçirilib:

“Birləşmiş Ştatlar Rusiyanı Gürcüstanda və başqa yerlərdə bu sayaq davranışını dayandırmağa çağırır”.

Dövlət katibi bunu da deyib ki, Vaşinqton Tbilisiyə belə hücumların dəf edilməsi üçün ölkənin kibermüdafiə qabiliyyətinin gücləndirilməsində kömək edəcək.

Rusiya Müdafiə Nazirliyi hələlik bu bəyanatlara heç bir reaksiya verməyib.

Oktyabrın 28-də edilmiş kiberhücum nəticəsində Gürcüstanın 2000-dən çox dövlət, özəl və media internet saytı sıradan çıxarılmışdı.

Bunların arasında ölkənin iki özəl telekanalı – Imedi və Maestro da vardı.

Prezident aparatının və bələdiyyələrin də serverləri hücuma məruz qalmışdı.

Bir çox hallarda bu saytlara girmək istəyənlər keçmiş prezident Mikheil Saakashvili-nin şəkilini və “Mən qayıdacağam” sözlərini görürdülər.

Azadliq.org

Son xəbərlər
Digər xəbərlər