6 C
Baku
Sunday, December 15, 2024

“Abşeron” yatağında gələn il hasilat 2 dəfə artacaq

Gələn il “Abşeron” qaz-kondensat yatağından 1 473.9 mln. kubmetr qaz hasil olunacağı gözlənilir, bu da bu ilin proqnoz göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur.

Bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü ilin büdcəsinə verdiyi rəydə göstərilir.

Sənədə əsasən, 2023-cü ildə yataqda 707.55 mlrd. kubmetr qazın hasil olunacağı gözlənilir.

Bundan başqa, gələn il “Abşeron”da 4.05 mln. barel qaz kondensatının hasil olunacağı proqnozlaşdırılır ki, bu da bu ilin proqnoz göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur.

Rəydə bildirilir ki, bu il yataqda 2 mln. barel qaz kondensatının hasilatı proqnozlaşdırılır.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.

Onu da əlavə etmək lazımdır ki, yataqda illik hasilatın 1.5 mlrd. kubmetrdən 6 mlrd. kubmetrədək artırmaq planlaşdırılır.

Xatırladaq ki, bu ilin avqustunda SOCAR, “TotalEnergies” və ADNOC şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30%-lik iştirak payının satışına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti Abşeron qaz-kondensat yatağında 30% iştirak payı əldə edəcək, SOCAR və “TotalEnergies” şirkətlərinin hər birinin iştirak payları isə, müvafiq olaraq 35% təşkil edəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər