“AccessBank” QSC-nin rəhbərliyində daha bir dəyişiklik olub. Banker.azın APA-ya istinadən verdiyi məlumata görə, bankın Kiçik və orta biznes kreditləri, korporativ xidmətlər üzrə icraçı direktoru Kənan Ağayev vəzifəsindən uzaqlaşıb.
Onun yerinə hələlik heç bir təyinat yoxdur.
Qeyd edək ki, K.Ağayev bankda əmək fəaliyyətinə 2003-cü ilin aprel ayından etibarən mikrokreditləşmə üzrə kredit mütəxəssisi qismində başlayıb. 2004-cü ilin iyun ayından KOB şöbəsində kredit mütəxəssisi, 2005-ci ilin avqust ayından həmin şöbənin rəhbəri vəzifəsinə təyin edilib. 2006-cı ildə “Babək” filialının rəhbəri vəzifəsinə təyin olunaraq 2010-cu ilə qədər bu vəzifədə çalışıb. 2010-cu ildə Bankın KOB departamentinin rəhbəri vəzifəsinə yüksəlib. 2013-cü ilin sentyabr ayından sonuncu Kiçik və orta biznes kreditləri, korporativ xidmətlər üzrə icraçı direktor vəzifəsinə təyin olunub.
K.Ağayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, “Maliyyə və kredit” ixtisası üzrə bakalavr və magistr dərəcəsinə yiyələnib. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda “İqtisadiyyatda riyazi və instrumental üsullar” ixtisası üzrə aspiranturada təhsil alıb.









