10 C
Baku
Wednesday, December 11, 2024

ACE platformasından ilk neftin gələn ilin martında alınması planlaşdırılır

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda tikilən “Azəri Mərkəzi Şərqi” (ACE) platformasından ilk neftin gələn ilin mart ayında alınması planlaşdırılır.

Bu barədə SOCAR-ın illik hesabatında (2022-ci ilin nəticələrinə görə) bildirilir.

“Platformadan ilk neft hasilatının 2024-cü ilin mart ayında alınması proqnozlaşdırılır”, – hesabatda qeyd olunur.

Sənədə əsasən, SOCAR, BP və tərəfdaşlar AÇG yatağında işlənmənin səmərəliyini artırmaq üçün Mərkəzi və Qərbi Azəri platformalarında əlavə şaxtaların quraşdırılmasını, Çıraq platformasının istismar müddətinin uzadılmasını və “Mərkəzi Azəri”də əlavə kompressorun quraşdırılmasını vacib qiymətləndirmişlər və qeyd olunan hər bir sahə üzrə mühəndisi tədqiqat işlərinə başlanılmasını məqsədəuyğun hesab ediblər.

Qeyd edək ki, 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 mln. barelədək neft hasil olunacağı proqnozlaşdırılır.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30.37% (operator), AzACG (SOCAR) – 25%, MOL – 9.57%, “Inpex” – 9.31%, “Equinor” (keçmiş “Statoil”) – 7.27%, “ExxonMobil” – 6.79%, TPAO – 5.73%, “Itochu” – 3.65% və “ONGC Videsh Ltd.” (OVL) – 2.31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar.

AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər