2 C
Baku
Saturday, December 14, 2024

AÇG üzrə birinci rübdə əsaslı məsrəflərə 791 milyon dollar xərclənib

2022-ci ilin birinci yarısı ərzində Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 229 milyon dollar əməliyyat məsrəfləri və 791 milyon dollar əsaslı məsrəflər xərclənib.

BP-dən verilən məlumata görə, ilin birinci yarısında Azəri Mərkəzi Şərqi (ACE) layihəsi bp-nin icraçısı olduğu digər fəaliyyətlərlə yanaşı plana uyğun şəkildə irəliləyib. ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edib. Qazma modullarının üst tikililər blokunun üzərinə qaldırılması və yerləşdirilməsi təhlükəsiz və səmərəli şəkildə yerinə yetirilib. Çəkisi 2350 ton olan modullu qazmaya dəstək modulu (MQDM) və çəkisi 2400 ton olan qazma avadanlığı dəsti (QAD) əvvəlcə özü hərəkət edən qoşqular vasitəsilə əsas qaldırma yerinə aparılıb, sonra altına əlavə polad kasetlər yerləşdirməklə təxminən 27 metr lazım olan hündürlüyə qaldırılaraq göyərtənin üzərinə sürüşdürülüb. Bu, bp-nin Xəzərdə ilk dəfə icra etdiyi və dəqiqliklə planlaşdırılmış mürəkkəb bir əməliyyat idi. Hazırda qazma qurğularının üst tikililər göyərtəsində inteqrasiyası davam edir. Layihə çərçivəsində daha bir uğurlu əməliyyat üst tikililərin şimal və cənub kranlarının qazvurma kompressorunun buraxıcı qurğusu ilə birlikdə quraşdırılması oldu. Üst modulları borularının yığılması və hidrosınağı qrafikə uyğun irəliləyib. Üst tikililərin və qazma qurğusunun mexaniki tamamlanması ilə bağlı təhvil işləri plan üzrə davam edib, əsas elektrik generatorunun, kimyəvi injeksiya və çirkab suların emalı qurğularının istismar sınaqları başlayıb. Yaşayış modullarının mexaniki tamamlanması ilə bağlı təhvil işləri plana uyğun davam edib.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi tamamlanıb və hazırda barja yükləmə ilə bağlı hazırlıq işləri davam edir.

Layihə üzrə dalğıc işləri Xankəndi sualti tikinti gəmisinin dəstəyi ilə davam edib. ACE sualtı qaz boru xətlərinin yataqdaxili sualtı boru kəmərinə bağlanması iyunda həyata keçirilmiş Şərqi Azəri platformasının profilaktik işlər proqramı çərçivəsində yerinə yetirilib. Qaz boru xəttinin bağlanması işləri üçün Mərkəzi Azəri və Şərqi Azəri platformalarında ACE layihəsi ilə bağlı bütün işlər də tamamlanıb.

Ümumilikdə ACE layihəsi üçün lazım olan bütün iş həcmi Şərqi Azəri platformasının profilaktik işlər proqramı zamanı uğurla icra olunub. ACE əməliyyatlarının qurudan idarə olunması üçün Səngəçal terminalında aparılan modifikasiya tikinti işləri davam edib. İkinci rübün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 75% tamamlanıb. Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5000 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər