5 C
Baku
Saturday, December 14, 2024

AÇG yatağında irihəcmli seysmik tədqiqat proqramına başlanılıb

BP şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi 20 yanvar tarixində AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlayıb.

BP-dən verilən məlumata görə, tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramı olacaq.

AÇG yatağının hazırkı məhsuldar layları olan Balaxanı və Fasilə dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edəcək. Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır.

Bu uzunmüddətli proqramın planlanmasına ötən ildən başlanıb. Proqram çərçivəsində dənizdibi qovşaqlardan, həmçinin bir qoşa mənbəli gəmidən (“Murovdağ”) və bir qovşaq gəmisindən (“Quba”) istifadə etməklə beş il ərzində beş monitorinqin aparılması nəzərdə tutulur.

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezidenti Roşni Musai dedi: “AÇG bp-nin əməliyyatçısı olduğu ən böyük neft yatağıdır. O həm bizim üçün, həm də Azərbaycan və tərəfdaşlarımız üçün çox əhəmiyyətlidir. Bu genişmiqyaslı seysmik tədqiqat proqramını həyata keçirməkdə məqsədimiz yatağın arxitekturası və maye kontaktının (fazalararası təmasın) dinamikası barədə ətraflı məlumat əldə etməkdir. Ümid edirik ki, bu proqram üçün istifadə ediləcək ən müasir 4D texnologiyası yataq haqqında yeni və daha dərin məlumatlar əldə etməyimizə imkan verəcək. Bu isə bizə gələcəkdə quyularda gözlənilməz halları minimuma endirmək və növbəti onilliklər ərzində yatağın neftvermə əmsalını maksimuma çatdırmaq üçün həll yolları müəyyənləşdirməyə kömək edəcək.”

Proqram “Caspian Geo LLC”şirkəti tərəfindən yerinə yetiriləcək.

Qeyd ed’k ki? AÇG üzrə ilkin Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə dəyişiklik edilərək yenidən işlənib və müddəti 2049-cu ilədək uzadılıb. Yenidən işlənmiş saziş növbəti 31 ildə AÇG-nin Azərbaycan və səhmdarlar üçün iqtisadi faydasının maksimuma çatdırılmasını nəzərdə tutur.

AÇG Azərbaycanın nəhəng neft yatağıdır. Bu günədək yataqdan 4.3 milyard bareldən artıq (581 milyon ton) neft hasil olunub. Neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb İxrac Boru Kəməri ilə çıxarılır.

2023-cü ilin üçüncü rübünün sonunadək AÇG yataqlar blokunun işlənməsinə ümumilikdə 43 milyard ABŞ dollarından artıq sərmayə qoyulub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər