Asiya İnkişaf Bankı (ADB) 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanı 5,9 %, 2027-ci ildə isə 5 % səviyyəsində proqnozlaşdırır.
Bu barədə Banker.az ADB-nin “Asiyanın inkişaf perspektivləri” hesabatına istinadən xəbər verir.
ADB-nin cari il üzrə inflyasiya proqnozları iyul ayındakı qiymətləndirmə ilə müqayisədə 0,2 faiz bəndi, gələn il üçün isə 0,1 faiz bəndi yuxarı yönlü dəyişdirilib.
ADB qeyd edir ki, bu düzəliş karbohidrogen qiymətlərinin ölkə iqtisadiyyatına davamlı təsiri ilə bağlıdır və bu amil 2026-cı ilin ikinci yarısında inflyasiyanın sürətlənməsinə gətirib çıxaracaq.
“Yüksələn inflyasiya gözləntilərinə reaksiya olaraq Azərbaycan Mərkəzi Bankı pul-kredit siyasətinin yumşaldılması prosesini dayandıraraq inflyasiya proqnozunu artırdı. İlin ikinci yarısında inflyasiya ilə bağlı daha yüksək gözləntilər səbəbindən ADB də öz proqnozlarını yenidən nəzərdən keçirmək qərarına gəldi”, – bankın hesabatında vurğulanır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 5,6 %, 2026-cı ilin yanvar-avqustu ərzində isə 5,7 % təşkil edib.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 5,7 %, 2027-ci ildə isə 5,3 % təşkil edəcək.
Mərkəzi Bankın hesablamalarına görə (iyul 2026), cari ildə illik inflyasiya 6,1 %, 2027-ci ildə isə 5,8 % olacaq.
BMT bu il Azərbaycanda inflyasiyanın 3,1 % olacağını proqnozlaşdırır. Dünya Bankı 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % həddində olacağını gözləyir.
“Moody’s” beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda orta illik inflyasiyanın 3 %, “Fitch Ratings” 4,6 %, “Fitch Solutions” isə 5,5 %, 2027-ci ildə 4,8 % səviyyəsində olacağını proqnozlaşdırır.
Niderlandın ən böyük maliyyə və bank qrupu olan “ING Group”, Azərbaycanda illik inflyasiyanın 2026-cı ildə 5,8 %, 2027-ci ildə isə 5,6 % olacağını gözləyir.







