27.4 C
Baku
Sunday, July 21, 2024

ADIF artıq məlumatları gizlədə bilməyəcək, ekspert deyir

Nəsimi rayon məhkəməsinin hakimi Natavan Tağıyevanın qətnaməsinə əsasən ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin indiyədək hər rüb üçün tərtib edilmiş əmlak vəziyyətinə dair hesabatlar üzrə ümumi xarakter daşıyan məlumatlar və hər rüb təzələnən ləğv planının indiyədək mövcud olmuş və olan bütün versiyaları Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən hüquqlarını müdafiə edilən kreditora (əmanətçiyə) təqdim edilməlidir.

Bu qərar “Banklar haqqında” Qanuna əsasən qəbul edilib. Belə ki, həmin Qanunun 75.2-ci maddəsinə əsasən müflis elan edilmiş bankın əmlak vəziyyətinə dair hesabat hər rüb tərtib edilməli, onun ümumi xarakter daşıyan məlumatları bankın kreditorlarına tanışlıq üçün təqdim olunmalıdır. Qanunun 83.2-ci maddəsinə görə isə müflis bankın hər rüb təzələnən ləğv planı bankın kreditorlarlna təqdim edilməlidir. Banker.az xəbər verir ki, bu barədə həmin bankın kreditorlarının hüquqlarını müdafə edən hüquqşünas Əkrəm Həsənov bildirib.

Həsənov bildirir ki, Fond ləğvini həyata keçirdiyi heç bir bank üzrə bu vəzifələrini icra etmir, kreditorlara, o cümlədən əmanətçilərə müvafiq məlumatları və sənədləri təqdim etmir. Kreditorların müraciətlərinə baxmayaraq: “Bu məsələ üzrə verilən ilk şikayət məhkəmə tərəfindən təmin olundu: Fond kreditorları məlumatlandırmağa məcbur edildi! Bu, olduqca vacib qərardır! Niyə? Ona görə ki, Əmanətlərin Sığortalanması Fondu bankların ləğvini çox qeyri-şəffaf həyata keçirir. Halbuki, bu proses ilk növbədə məhz kreditorların (müflis banklarda vəsaiti qalmış şəxslərin) maraqlarına uyğun aparılmalıdır. Yəni Fond müflis bankın əmlakını satmalı, verdiyi kreditləri qaytarmalı və nəticədə əldə olunan vəsaiti kreditorlar arasında bölüşdürməlidir. Söhbət yüz milyonlarla ölçülən vəsaitlərdən gedir. Təbii, qeyri-şəffaf şəraitdə və ictimai nəzarət (əsasən kreditorlar tərəfindən) olmadan Fond bu vəsaitləri istədiyi kimi idarə edə bilər (əmlakları istədiyi qiymətə sata, kreditlərin qaytarılmasında əsassız güzəştlər edə, şişirdilmiş xərclərə yol verə və s. bilər). Məhz buna görə Fond kreditorları vaxtaşırı məlumatlandırmalıdır ki, sonuncular ona nəzarət etsin. Lakin Fond bu vəzifələrinin icrasından yayınır. Hətta kreditorlar komitəsi yaradılmış banklarda belə (yeri gəlmişkən, bu komitə söz verildiyi kimi bütün ləğv edilən banklarda yaradılmayıb və bu faktın özü də Fondun fəaliyyəti üzrə ciddi şübhələr yaradır).

Düz işləyirsə, niyə yayınır? Kreditorlardan nəyi gizlədir? Hətta müflis bankların verdiyi kreditlərin qaytarılması üzrə apardığı məhkəmə işlərinin siyahısını belə gizlədir (halbuki, açıq məlumatdır!). Həmin kreditləri səmərəli şəkildə qaytarırsa, niyə gizlədir?
Bundan sonra gizlədə bilməyəcək! Məhkəmə qərarını icra etməlidir. Lakin kreditorlar da fəal olmalı, bu presedenti istifadə edərək Fonddan vaxtaşırı hesabat tələb etməlidirlər.
Əslində, Fondun rəhbərliyinin niyyəti saf, əməli düzdürsə, sözügedən məlumatları vaxtaşırı saytında dərc etməlidir (əks halda hər kreditora yazılı məlumat verməsi artıq xərc, israfçılıq olacaq).”

Son xəbərlər
Digər xəbərlər