ABŞ-nin Çindən gələn mallara tətbiq etdiyi ümumi gömrük rüsumları 145% təşkil edir, bu barədə “CNBC” məlumat yayıb. Bildirilir ki, ABŞ prezidenti Donald Trampın çərşənbə günü elan etdiyi Çin məhsullarına 125%-lik idxal rüsumları, ABŞ liderinin narkotik maddə olan fentanilin yayılması ilə mübarizədə Kanada, Meksika və Çin hökumətlərinin iddia edilən qeyri-kafi səylərinə görə əvvəllər tətbiq etdiyi 20%-lik rüsumları nəzərə almır.
Son zamanlar Vaşinqton və Pekin arasında tarif müharibəsi gedir. Aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. Çinə gəldikdə isə Amerika tarifləri 34% səviyyəsində müəyyən edilib. Buna cavab olaraq Çin hakimiyyəti aprelin 10-dan etibarən ABŞ-dən idxal edilən bütün məhsullara 34% əlavə rüsum tətbiq ediləcəyini açıqlayıb.
Bir qədər sonra Tramp Çinin ABŞ ilə ticarət razılaşması bağlayana qədər Çin mallarına 104% rüsum tətbiq edib. Buna cavab olaraq Çin Amerika mallarına rüsumları 34%-dən 84%-ə qaldırıb. Öz növbəsində Tramp bildirib ki, onun administrasiyası Çinə qarşı ticarət tariflərini dərhal 125%-ə qaldırıb.







