Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi publik hüquqi şəxsə (e-Gov) təyinat olub.
Banker.az xəbər verir ki, Emil Xəlilov Hüquq departamentinin direktoru təyin edilib.
E.Xəlilov 2020-ci ilin iyunundan 2022-ci ilin yanvarınadək Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin üzvü və Baş hüquq inzibatçısı kimi çalışırdı.
Bundan öncə – 2018-ci ilin mayından 2020-ci ilin iyununa qədər “Expressbank” ASC-nin departament direktoru kimi çalışmışdır.
e-Gov Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli fərmanı ilə yaradılıb.
e-Gov, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur.
Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir.