Bir kişi madyan ilə qonaq gedir. Kişinin madyanı boğaz idi. Qonaq mənzil başına çatdıqdan sonra atını bağlayacaq yer tapmayır və ev sahibinin camışına bağlayır. Gecə madyanın daylağı olur. Səhər sübhdən ev sahibi həyətə çıxdıqda daylağı görür və sevinir ki, onun camışının balası olub. Qonaq isə daylağı görüb onun madyanının boğaz olduğunu və daylağın onun özünə məxsus olduğunu deyir. Ev sahibi ilə qonaq mübahisə etməyə başlayır və kimin haqlı olduğunu təyin etmək üçün hakimin yanına gedirlər.
Lakin hakim evdə olmur və mübahisə edənləri hakimin həyat yoldaşı qarşılayır.
-Sizə nə lazımdı? Hakimdən nə soruşmaq istəyirdiniz? – deyə o soruşur.
Kişilər məsələni hakimin xanımına danışırlar. Qadın onları dinləyir və deyir:
– Siz hakimi gözləməli olacaqsınız. Çünki o, öz darı sahəsindən dəniz balıqlarını qovmağa gedib.
-Siz nə danışırsınız?- deyə eyni anda hər iki mübahisə edən təəccüblənir. – Balıqlar dənizdən çıxıb darı sahəsinə gedə bilərlərmi?
Qadın cavab verir:
– Bu eyni ilə bir camışın dünyaya daylaq gətirməsinə bənzəyir. Bu mümkün deyil. O zaman daylağı qonağa geri qaytar.
Ev sahibi çarəsiz vəziyyətdə qalaraq daylağı qonağa verir.
Hakim evə qayıtdıqdan sonra dostları ona onun həyat yoldaşının məsələni necə həll etdiyini danışır və kişi işlərinə qarışaraq hakimi təhqir etdiyini əlavə edirlər. Qəzəblənmiş hakim xanımını evdən qovmaq qərarına gəlir.
O deyir:
– Sən məni təhqir etmisən və artıq mənim evimdə qala bilməzsən. Öz valideynlərinin yanına get. Gedərkən istədiyin hər bir şeyi özün ilə götürə bilərsən.
– Yaxşı, – deyə razılaşdı qadın. – Mən gedəcəm, lakin getməmişdən əvvəl mənim 7 günlük bayram təşkil etməyimə icazə ver.
Hakim razılaşır.
Onlar bütün kəndi dəvət edirlər. Yeddi gün, yeddi gecə qonaqlar yeyirlər, içirlər, əylənirlər. Yeddi gün ərzində hakim yorğunluqdan əldən düşmüşdü. Bayram bitdikdən və qonaqlar getdikdən sonra hakim çox dərin yuxuya gedir.
Qadın isə qulluqçulara öküzləri arabaya qoşmağı və arabaya yatmış olan həyat yoldaşını qoymağı əmr edir. Sonra özü də həmin arabaya minir və valideynlərinin yanına gedir.
Hakim oyanandan sonra harada olduğunu anlaya bilmirdi.
O ətrafdakılardan soruşur:
-Mən haradayam?
– Sən həyat yoldaşınla birlikdə onun valideynlərinin yanına gəlmisən, – deyə ona cavab verirlər.
Hakim xanımını çağırtdırır və deyir:
– Sən ilk dəfə etdiyin hərəkətdən daha betər bir hərəkət etmisən. Məni niyə buraya gətirmisən?
Qadın cavab verir:
– Sən axı özün istədiyim hər bir şeyi götürməyimə icazə vermişdin. Mənə yalnız sən lazımsan. Sənin evindən səndən başqa heç nə götürmədim.
Hakim dərin fikrə gedir və deyir:
– Mən nahaq öz dostlarıma qulaq asdım. Onların ucbatından sənin kimi ağıllı bir qadını itirə bilərdim.
Hakim öküzləri arabaya qoşmağı əmr verir və xanımı ilə birlikdə öz evlərinə qayıdırlar.