Hollandiya Avropada “omikron” ştamına görə lokdaun tətbiq edən ilk ölkə olub.
Banker.az xəbər verir ki, məlumata görə, məhdudiyyətlər bazar günü qüvvəyə minib və ən azı yanvarın 14-dək davam edəcək. Bu müddət ərzində ölkədə restoranlar, qeyri-ərzaq mağazaları, kinoteatrlar və idman zalları bağlı olacaq.
Məhdudiyyətlər həmçinin qonaqlara da şamil edilir. Məsələn, Milad bayramında evə dörd, digər günlərdə isə iki nəfər dəvət etmək olar. Bu, 2020-ci ildən bəri ən sərt məhdudiyyətlərdir.
Hollandiya Səhiyyə Nazirliyinin qiymətləndirmələrinə görə, ilin sonuna qədər “omikron” əsas ştama çevriləcək.
Koronavirusun “omikron” variantı Afrikada aşkarlanıb, daha sonra onlarla ölkəyə yayılıb. Bəzi ölkələr, o cümlədən Rusiya onun aşkar edildiyi dövlətlərdən girişə məhdudiyyətlər qoyub.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dekabr ayında bildirib ki, ilkin məlumatlara görə, “omikron” daha yoluxucu olsa da, onun müalicəsi müqayisədə bir qədər asandır.