Avropa İttifaqı və Kanada genişmiqyaslı yeni ticarət və siyasi tərəfdaşlıq yaratmağı planlaşdırırlar. Bloomberg məsələ ilə tanış mənbələrə istinadən yazır ki, tərəflər münasibətləri ticarətdən təhlükəsizliyə qədər bir sıra istiqamətlər üzrə dərinləşdirmək istəyirlər.
Agentliyin mənbələrinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen planları sentyabrın 16-da Fransanın Strasburq şəhərində keçiriləcək illik “İttifaqın vəziyyəti” çıxışı zamanı açıqlamalıdır. Tədbirdə Kanadanın baş naziri Mark Karni də iştirak edəcək. O, ertəsi gün Avropa qanunvericiləri qarşısında çıxış edəcək.
Karni hökuməti Aİ ilə tərəfdaşlığın dərinləşdirilməsini əsas prioritetlərindən birinə çevirib və İttifaqa tamhüquqlu üzvlük istisna olmaqla, əməkdaşlığın müxtəlif formatlarını nəzərdən keçirir. Kanadalı rəsminin sözlərinə görə, müzakirələrin əsas diqqət mərkəzində tərəfdaşlığın “strateji potensialı” dayanır.
Bu tərəfdaşlığın rəsmiləşdirilməsi üçün yeni hüquqi mexanizmlərə ehtiyac olub-olmayacağı hələlik məlum deyil. Bununla belə, müzakirələr davam edir və Karni hökuməti Kanada əyalətlərinin hakimiyyət orqanları, eləcə də biznes nümayəndələri ilə məsləhətləşmələr aparmağı planlaşdırır.
Mənbələrin bildirdiyinə görə, nəzərdə tutulan razılaşmalar ikitərəfli münasibətlərin bütün əsas istiqamətlərini, o cümlədən ticarət, təhlükəsizlik, təchizat zəncirləri və kritik əhəmiyyətli xammala çıxışı əhatə etməlidir.
Bundan başqa, Kanadanın üzv olduğu Trans-Sakit Okean Tərəfdaşlığı çərçivəsində Aİ ilə birgə əməkdaşlıq imkanları da müzakirə olunur. Oktyabrda Kanadada hər iki tərəfin iştirakı ilə sammitin keçirilməsi planlaşdırılır.
Son dövrlərdə ABŞ və Kanada qarşılıqlı gömrük rüsumları tətbiq edib. ABŞ Prezidenti Donald Tramp eyni zamanda dəfələrlə Aİ-nin ticarət siyasətini tənqid edib və Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ideyasına maraq göstərməyə davam edib.







