Ailə büdcəsinin planlaşdırılması – maliyyə rifahına nail olmaq prosesində vacib mərhələlərdən biridir. Sahib olduğunuz vəsaitləri dəqiqliklə planlaşdırmaqla, xərclərinizə nəzarət edə və qənaət etmək imkanları əldə edə bilərsiniz. Bu zaman məcburi ödənişlər zamanı rahat, ani vəziyyətlərdə isə problemin öhdəsindən gəlmək üçün hazır olacaqsınız.
Xərclərin və gəlirlərin hesabatı nə qədər dəqiqliklə aparılsa, bir o qədər vəsaitlərdən səmərəli istifadə etmək mümkündür. Ailə büdcəsinin effektiv planlaşdırılması aşağıdakı əsas prinsiplər əsasında formalaşdırılır:
1. İnformasiya. Nə qədər qazandığınızı və xərclədiyinizi dəqiqliklə bilməlisiniz. Yalnız bu zaman optimal olaraq öz maliyyə vəziyyətinizi idarə edə bilərsiniz.
2. Ehtiyatlar. Gözlənilməz vəziyyətlər üçün etibarlı “təhlükəsizlik yastığı” formalaşdırmaq vacib haldır. Ehtiyat üçün ayrılan məbləğ yarım illik xərclərə bərabər olmalıdır.
3. Minimum borc həddi. Ümumi aylıq gəlirlərdə kredit ödənişlərinin payı 30%-dən artıq olmamalıdır.
4. Mütəmadi hesabat aparmaq. Bunu sistematik olaraq etmək lazımdır, əks halda nəyə nə qədər pul verdiyinizi unudacaqsınız. Faktiki xərcləri dərhal mütləq, vacib və digər xərclərə ayırın.
5. Fəaliyyəti idarə etmək. Mütəmadi olaraq məqsədinizə nəzarət edin və tərtib etdiyiniz plana uyğun şəkildə hərəkət edin. Zərurət yarandıqda planda dəyişiklik edə bilərsiniz. İstənilən halda məqsədiniz – büdcənin gəlirli və xərcli tərəflərinin nisbətini qorumaqdır.