14 C
Baku
Thursday, March 28, 2024

Aksiz markası ilə bağlı qanun pozuntusuna görə cəzalar

Qanunvericiliyə əsasən, aksizli malları markasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır və qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Mövzunu “vergiler.az”a Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev şərh edib:

Vergi Məcəlləsinin 194.2-ci maddəsində nəzərdə tutulmuş plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına və ya məcburi nişanlama ilə nişanlanmamasına, tam uçota alınmamasına, aksiz markalarının və məcburi nişanlamanın inventarizasiyasında kənarlaşmalara yol verilməsinə, eləcə də bu Məcəllənin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə vergi ödəyicisinə 5.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Misal 1: Aksiz vergisinin ödəyicisi olan “A” müəssisəsi aksizli mallara vurulmuş plombları zədələnib. Bu halda ona 5.000 manat maliyyə sanksiyası tətbiq olunur.

Vergi Məcəlləsinin 191.2-ci maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Misal 2: Siqaret istehsalı ilə məşğul olan “B” müəssisəsi bazar dəyəri 4.000 manat olan siqaret məhsulunu 2022-ci ilin fevral ayında markalanmadan istehsal binalarının hüdudlarından kənara buraxıb. Belə halın təqvim ili ərzində birinci dəfə baş verdiyini nəzərə alaraq müəssisəyə malın bazar dəyərinin 1 misli, yəni 4.000 manat maliyyə sanksiyası tətbiq olunacaq. Müəssisə 2022-ci ildə belə hala ikinci dəfə yol verərsə, yəni bazar dəyəri 6.000 manat olan aksizli malı markalanmadan istehsal binasından kənara buraxarsa, bu halda ona 12.000 manat maliyyə sanksiyası tətbiq olunacaq:

6.000 x 2 = 12.000 manat.

Son xəbərlər
Digər xəbərlər