1 C
Baku
Saturday, December 14, 2024

Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının icrasına start verilib

Nazirlər Kabineti (NK) aylıq informasiya bülletenində noyabr ayında təhsil sahəsinə aid qəbul etdiyi qərarların şərhini verib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üçün Tədbirlər Planına əsasən Nazirlər Kabineti tərəfindən 2019-cu ildə nəzərdə tutulmuş ilk 6 qərar qəbul edilib, bununla da, faktiki olaraq Dövlət Proqramının icrasına start verilib.

Şərhdə bildirilir ki, bu Dövlət Proqramına ölkə başçısının digər sərəncamı ilə təsdiq olunmuş təhsilin bakalavriat və magistratura səviyyələrini əhatə edən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın müəyyən mənada davamı kimi də baxmaq məntiqi olar. Yeni Dövlət Proqramı artıq təhsilin doktorantura səviyyəsini əhatə edir və beynəlxalq ikili diplom proqramlarının tətbiqini nəzərdə tutur: “Bu Dövlət Proqramı çoxdan gözlənilirdi. Müəyyən fasilə yaranmasına baxmayaraq, 1-ci Proqramın icrası tam başa çatdırıldıqdan sonra ölkə başçısı tərəfindən yeni Proqram təsdiq olundu. Xaricdə doktorantura təhsili sahəsində prioritet ixtisaslar və istiqamətlər Nazirlər Kabinetinin Proqramın icrası olaraq qəbul etdiyi ilk qərarla Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili məqsədilə ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən prioritet ixtisas istiqamətləri və bilavasitə ixtisaslar müəyyən edilib. Bura həm dəqiq elmlər, aqrar, texnikitexnoloji, sosial, humanitar istiqamətlər aiddir. Azərbaycan vətəndaşları prioritet istiqamətlər üzrə müvafiq ixtisasları seçib universitetlərdən qəbul aldıqdan sonra artıq Nazirlər Kabinetinin digər qərarlarında nəzərdə tutulmuş mərhələlər üzrə hərəkət edə bilərlər”.

“Xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları” haqqında 444 saylı qərarın şərhində bildirilir ki, bununla əlaqədar artıq Təhsil Nazirliyinin saytında doktoranturaya sənəd qəbulu ilə bağlı elan yerləşdirilib. Yanvar ayının 10-a kimi sənəd qəbulu davam edəcək. Bu, yaz semestrini əhatə edir. Payız semestri üçün sənəd qəbulu yay aylarında elan ediləcək.

Xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi barədə 445 saylı qərarda təsdiq edilmiş Qaydalara əsasən Dövlət Proqramı çərçivəsində təhsil xərcləri, aylıq yaşayış xərcləri, tibbi sığorta xərcləri, beynəlxalq nəqliyyat xərcləri ödənilir. Tələb olunan maliyyə vəsaitləri Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ayrılacaq.

450 və 451 saylı qərarlar ikili diplom proqramları: seçim və maliyyələşdirmə Qərarlar beynəlxalq ikili diplom proqramlarının Dövlət Proqramında nəzərdə tutulmuş hədəflərə uyğun olaraq həyata keçirilməsinin təmin edilməsini nəzərdə tutur. İkili diplom proqramlarının tətbiq olunması nəticəsində nüfuzlu xarici universitetlərin tədris proqramları Azərbaycan universitetlərində tədris olunacaq, xarici professor-müəllim heyəti azərbaycanlı tələbələrə həm bakalavr, həm də magistratura səviyyələrində dərs deyəcəklər.

452 saylı qərarda xaricdə doktorantura təhsili və ikili diplom məsələlərini İdarəetmə Qrupunun yaradılması nəzərdə tutulub. Proqramın ümumilikdə icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin nəzdində İdarəetmə Qrupunun yaradılmasını, vəzifələrini, onun fəaliyyətinin təşkilini, hüquqlarını və digər məsələləri əks etdirir.

Nazirlər Kabinetinin 433 sayдı qərarı təhsil sahəsində idarəetmənin təkmilləşdiriliməsi ilə bağlıdır. “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının müvafiq fərmanında verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə qəbul edilib və təhsil sahəsində fəaliyyət göstərən bir sıra qurumların birləşdirilməsini, ləğv edilməsini nəzərdə tutur.

Nazirlər Kabinetinin 438 saylı qərarı ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatına “Geologiya və geofizika mühəndisliyi” ixtisasının daxil edilməsinə həsr olunub. 

©APA

Son xəbərlər
Digər xəbərlər