“Alibaba” biznesini altı şirkətə böləcək. Şirkət hər bir “biznes qrupu”nun ayrıca maliyyə vəsaiti toplaya biləcəyi və müstəqil olaraq CEO-ları və direktorlar şurasının üzvlərini təyin edə biləcəyi holdinq modeli üzərində fəaliyyət göstərəcək.
Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.
“Cloud Intelligence Group”a bulud biznesi və süni intellektin inkişafı bölməsi daxil olacaq. Yu Yonfunun rəhbərlik etdiyi “Local Services Group” qida çatdırılması xidmətinə cavabdeh olacaq. Logistika məhsullarını öz üzərinə “Cainiao Smart Logistics” götürəcək.
Jiang Fan “AliExpress” və “Lazada” kimi beynəlxalq e-ticarət müəssisələrinin daxil olacağı “Global Digital Commerce Group” rəhbərlik edəcək. “Digital Media and Entertainment Group” isə yayım və film biznesini inkişaf etdirəcək.
“Taobao Tmall Commerce Group” diqqətini “Taobao” və “Tmall” kimi onlayn alış-veriş platformalarına yönəldəcək. “CNBC” yazır ki, bu, “Alibaba”ya tamamilə sahib olacaq yeganə qrupdur.
Şirkət hesab edir ki, bu addım “Alibaba”nın rəqabət qabiliyyətini artıracaq və bu da öz növbəsində səhmdarlara biznesdən daha çox dəyər qazanmağa kömək edəcək.
“Bloomberg”in hesablamalarına görə, təkcə 2021-ci ildə Çin hakimiyyətinin təzyiqi nəticəsində şirkət kapitallaşmada 344 milyard dollar itirib. Ümumilikdə isə 2020-ci ilin sonundan 2023-cü ilin martına kimi göstərici 600 milyard dollar azalıb.