Almaniyanın daxili işlər naziri Nensi Fezer Ukraynadakı müharibə ilə əlaqədar mülki müdafiəyə xərclərin artırılmasına çağırıb.
Bu barədə “Zeit” nəşri məlumat yayıb.
“Biz yaxşı xəbərdarlıq sistemlərinə, müasir helikopterlərə və digər avadanlıqlara daha ciddi investisiyalar qoymalı olacağıq”, – Fezer deyib.
Nəşr vurğulayır ki, eyni vəziyyət böhranlı vəziyyətlərdə kritik infrastruktur və təchizatlara da aiddir.
Fezer bildirib ki, Ukraynadakı müharibə dünyada, o cümlədən Avropa İttifaqı və NATO ölkələrində təhlükəsizlik sahəsində vəziyyətin tamamilə dəyişməsinə səbəb olub. Onun sözlərinə görə, müharibə başlayandan kiberhücumlar, casusluq və dezinformasiyanın yayılması riski kəskin şəkildə artıb və bu səbəbdən Almaniya təkcə “hərbi çəkindirmə” üzərində deyil, həm də mülki müdafiə üzərində işləməlidir.