Google-un ana şirkəti Alphabet bu il üçün kapital xərcləri proqnozunu artırıb. Bu barədə şirkətin açıqlamasına istinadən Bloomberg məlumat yayıb. Əvvəllər Alphabet illik kapital xərclərinin 190 milyard dollar olacağını gözləyirdisə, indi bu göstəricini 195–205 milyard dollar səviyyəsində proqnozlaşdırır. Bloomberg qeyd edir ki, bu qərar süni intellekt sahəsində liderlik uğrunda yarışda maliyyə intizamı ilə bağlı narahatlıqları artırıb.
Bakı vaxtı ilə saat 13:50-yə olan məlumata görə, Nasdaq birjasının premarket sessiyasında Alphabet səhmləri 3,7% ucuzlaşıb. İyulun 22-də əsas sessiyanın yekununda isə səhmlər 341,9 dollar (-1,2%) səviyyəsində bağlanmışdı.
Bundan əlavə, Bloomberg yazır ki, Alphabet 2026-cı ilin ikinci rübündə IPO-dan bəri ilk dəfə mənfi sərbəst pul axını qeydə alıb. Aprel–iyun aylarında şirkətin sərbəst pul axını mənfi 5,9 milyard dollar təşkil edib.
Şirkət kapital xərcləri proqnozunun artırılmasını süni intellekt üçün hesablama güclərinin daha sürətlə genişləndirilməsi və bulud xidmətləri müştərilərindən gəlirlərin artması ilə izah edib.
Bloomberg–in qeyd etdiyi kimi, bu, investorların süni intellektə yatırılan investisiyalara diqqətini daha da artıracaq. Uoll-Strit Alphabet və digər texnologiya şirkətlərinin bu sahəyə böyük sərmayələrinin mənfəəti artıracağına dair daha inandırıcı sübutlar gözləyir.
Alphabet-in 2026-cı ilin ikinci rübündə gəlirləri 24% artaraq 119,8 milyard dollara çatıb. Səhm üzrə mənfəət 2,85 dollar olub. CNBC-nin məlumatına görə, LSEG analitikləri 116,93 milyard dollar gəlir və 2,89 dollar səhm üzrə mənfəət proqnozlaşdırırdılar.
Google Cloud bölməsinin gəlirləri 82% artaraq 24,77 milyard dollara yüksəlib və analitiklərin gözləntilərini üstələyib. Təxirə salınmış sifarişlərin həcmi əvvəlki rübdəki 460 milyard dollardan 514 milyard dollara yüksəlib.
Bloomberg qeyd edir ki, Google Cloud hələ də Amazon Web Services və Microsoft Azure-dən geri qalsa da, süni intellekt startapları və korporativ müştərilərdən gələn yüksək tələbat hesabına Alphabet-in ən sürətlə böyüyən biznes istiqamətlərindən biridir.
Investing.com-un baş analitiki Tomas Monteyronun sözlərinə görə, Google Cloud-un satışlarının artması Alphabet-in investisiyalarının sürətlə artan gəlirlərə çevrildiyini və imzalanmış müqavilələrin lazımi infrastruktur yaradıldıqdan dərhal sonra gəlir gətirməyə başladığını göstərir.
Alphabet rüblük maliyyə hesabatını açıqlayan ilk iri texnologiya şirkəti olub. Gələn həftə Meta, Microsoft və Amazon da hesabatlarını təqdim edəcəklər. Bloomberg yazır ki, bu dörd şirkət birlikdə 2026-cı ildə süni intellektin inkişafına 725 milyard dollara qədər vəsait xərcləməyi planlaşdırır. Alphabet-in açıqladığı göstəricilər nəzərə alınarsa, gələn həftənin sonuna qədər bu məbləğ daha da arta bilər. Bununla belə, bu investisiyaların nə dərəcədə səmərə verəcəyi hələ də aydın deyil.







