Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2025-ci il tarixli 23 nömrəli Qərarına əsasən, 2025-ci iln 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel günlərinin yerləri dəyişdirilib. Beləliklə, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə beşgünlük iş həftəsində 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri istirahət günləri, 10 mart və 1 aprel tarixləri isə iş günləri olacaq. Bəs altıgünlük iş həftəsində çalışan işçilər üçün iş və istirahət günləri hansı qaydada tənzimlənəcək? “vergiler.az”ın sualına insan resursları üzrə ekspert Ramin Hacıyev aydınlıq gətirir.
Altıgünlük iş həftəsində istirahət günlərinin sayı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 16 dekabr 2024-cü il tarixli qərarı ilə müəyyən edilib. Həmin qərarla 2025-ci ilin istehsalat təqviminə əsasən, iş və istirahət günlərinin tarixləri müəyyən olunub. Qərarın 1 nömrəli əlavəsində 2025-ci ildə bayramlarla əlaqədar qeyri-iş günlərinin tarixləri açıqlanıb.
Kollegiyanın qərarına əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 2024-cü il 28 noyabr tarixli 499 nömrəli və “2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2024-cü il 11 dekabr tarixli 521 nömrəli qərarlarına əsasən, 2025-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə əlaqədar beşgünlük iş həftəsində 3 yanvar, 10, 25 və 26 mart, 1 aprel, 9, 16 iyun, 10 və 11 noyabr tarixləri, altıgünlük iş həftəsində isə 25 mart, 1 aprel, 16 iyun və 10 noyabr tarixləri istirahət günləridir.
Beləliklə, altıgünlük iş həftəsində mart ayında Novruz bayramı və Ramazan bayramı ərəfəsində istirahət günləri aşağıdakı kimi olacaq:
Novruz bayramı: 20, 21, 22, 23, 24, 25 mart tarixləri (6 gün);
Ramazan bayramı: 30, 31 mart və 1 aprel tarixləri (3 gün).