“Amazon” internet riteyleri və “Facebook” sosial şəbəkəsi öz bazar dəyərinə görə dünyanın ən nəhəng özəl neft korporasiyası olan “ExxonMobil”i geridə qoyub.
“Vedomosti” qəzetinin verdiyi xəbərə görə, “Amazon”un bazar dəyəri 1,3% artaraq 364,4 milyard dollara, “Facebook”un bazar dəyəri 0,3% artaraq 357,1 milyard dollara yüksəlib.
“ExxonMobil”in dəyəri isə 3,3% azalaraq 356,2 milyarda enib və korporasiya ən dəyərli şirkətlərin sıralamasında ilk beşlikdən çıxıb. “Top-3”ə də texnoloji şirkətlər daxildir: “Apple” (567,8 milyard dollar), “Google”un daxil olduğu “Aphabet” (543,4 milyard dollar) və “Microsoft” (440,9 milyard dollar).
“ExxonMobil”dən bildiriblər ki, II rübdə korporasiyanın gəlirləri 60% aşağı düşüb. Artıq 8 rübdür ki, gəlirlər ardıcıl şəkildə azalır. Son rübdəki 1,7 milyard dollar gəlir 1999-cu ildə “Exxon” və “Mobil”in birləşməsindən sonra ən aşağı göstəricidir. Bu birləşmədən sonra və neftin qiymətinin yüksəlməsinin hesabına 2006-cı ildə “ExxonMobil” dünyanın ən dəyərli şirkəti titulunu qazanmışdı. Xammal sektorunun qiymət tsikllərindən asılı olduğu bir dönəmdə texnoloji sektor “bulud” texnologiyaları və mobil əlavələr sayəsində yüksəliş dövrünü yaşayır. “Amazon”un “bulud” biznesinin mədaxili II rübdə 58% artaraq 2,89 milyard dollara çatıb. “Microsoft” da proqram təminatı ilə yanaşı, “bulud” texnologiyasını ikinci istiqamət kimi inkişaf etdirir. “Facebook” isə II rübdə ümumi reklam gəlirlərinin 84%-ni (6,2 milyard dollar) mobil reklamlardan əldə edib. 2012-ci ildə bu göstərici 11% idi. Son rüb şirkətin xalis mənfəəti üç dəfə artaraq 2,1 milyard dollara çatıb.
Lent.az