8 C
Baku
Wednesday, November 30, 2022

AMB işarə edir ki, ötən rüblərdə manatın “bahalaşması” üçün təzyiqlər olub

2022-ci ilin yanvar-sentyabr ayları ərzində Mərkəzi Bankda Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə hərracların təşkili davam etdirilib.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2022-ci ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında bildirilir.

Hesabat dövründə Mərkəzi Bankda ümumilikdə 74 valyuta hərracı keçirilib.

Hərraclarda ARDNF-in 3857.7 mln. ABŞ dolları məbləğində  vəsaiti satılmışdır. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmuş və 835.2 mln. ABŞ dolları təşkil edib.

Dövr ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir.  9 ayda manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil edib.

Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6972 manat, satış məzənnəsi isə 1.7023 manat təşkil edib.

Hesabat dövründə manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı əsasən möhkəmlənmə istiqamətində dəyişmişdir. Belə ki, manatın məzənnəsi avroya, Türkiyə lirəsinə, İngiltərə funt-sterlinqinə, Qazaxıstan tengəsinə, Yaponiya yeninə, İsveçrə frankına, Ukrayna qrivnasına qarşı bahalaşmış, Rusiya rubluna və Gürcüstan larisinə qarşı ucuzlaşıb.

İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Ümumilikdə, dövr ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 7.5%, real effektiv məzənnəsi isə 1.8% möhkəmlənmişdir. Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir edib.

Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalını məhdudlaşdıran başlıca amillərdən biri kimi çıxış edib.

“Dövr ərzində Mərkəzi Bankın pul siyasəti monetar şərait vasitəsilə xarici və daxili inflyasiya təzyiqlərinin məhdudlaşdırılmasına yönəldilmişdir. Profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, nominal effektiv məzənnənin möhkəmlənməsi inflyasiyanı məhdudlaşdıran əsas amillərdən olmuşdur. Pul siyasəti qərarları faktiki və proqnozlaşdırılan inflyasiya amilləri, real iqtisadiyyatda aktivlik səviyyəsi və risklər balansı nəzərə alınmaqla qəbul olunmuşdur”- deyə, AMB bildirir.

Son xəbərlər
Digər xəbərlər
X