12 C
Baku
Sunday, November 24, 2024

AMB ixtisas şəhadətnamələrinin alınması məqsədilə attestasiya keçirilməsi qaydasını təsdiqləyib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə və investisiya fondlarının idarə edilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədilə attestasiya keçirilməsi Qaydası”nı təsdiqləyib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirmək üçün 3 növ (A; B; C) ixtisas şəhadətnaməsi veriləcək.

Belə ki, A növ şəhadətnamə sahib olanlar qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icra edilməsi, eləcə də qiymətli kağızların öhdəlik götürmədən və ya götürməklə yerləşdirilməsi və anderraytinqi, mərkəzi depozitarın və ya fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması, marja ticarəti və müştərinin qiymətli kağız hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanması, B növ şəhadətnaməyə sahib şəxslər fərdi investorların portfelinin idarə edilməsi, C növ şəhadətnaməyə sahib şəxslər isə investisiya məsləhətlərinin verilməsi xidmətlərini həyata keçirə biləcək.

Bundan başqa, investisiya şəhadətnaməsinin növünə görə attestasiya proqramları da fərqli olacaq.

Attestasiyadan keçmək istəyən şəxslər AMB-yə ərizə, anket və namizədin təhsili haqqında sənədin surətini təqdim etməlidir.

AMB təqdim edilmiş sənədlərdə səhvlər və yaxud çatışmazlıqlar olmadıqda, 30 gün ərzində attestasiya təşkil ediləcək. Attestasiyanın yeri və keçirilmə tarixi isə azı 3 gün qalmış açıqlanacaq. Attestasiya üçün təqdim edilmiş sənədlərdə səhvlər və yaxud çatışmazlıqlar aşkar edildikdə namizədə aradan qaldırılması üçün 5 gün müddətində məlumat veriləcək.

İxtisas şəhadətnaməsi üçün test tapşırıqları 75 sualdan ibarət olacaq və cavablandırılması üçün 2 saat vaxt ayrılacaq. Hər bir test tapşırığı yalnız biri doğru olmaqla 4 cavab variantı olacaq. 169 bal toplamış namizəd attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab ediləcək.

Attestasiya suallarının cavabları aşağıdakı qaydada qiymətləndirilir:

düzgün cavab – 3 bal;

səhv cavab – mənfi 1 bal;

cavablandırılmadıqda – 0 bal.

Attestasiyadan keçmiş şəxsə 5 iş günü ərzində müvafiq ixtisas şəhadətnaməsi veriləcək. Şəhadətnamə müddətsiz verilir. Ancaq vətəndaş şəhadətnamənin verildiyi və yaxud çalışdığı şirkət tərəfindən əmək müqaviləsinə xitam verildiyi gündən etibarən 3 il (C növ üzrə 2 il) işsiz qaldıqda şəhadətnamə qüvvədən düşmüş hesab ediləcək.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər