AMB qərar verir: faiz endiriminə davam, yoxsa fasilə?

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 2 aprel 2026-cı il tarixində uçot dərəcəsi ilə bağlı ilin ikinci qərarını açıqlamağa hazırlaşır. Banker.az xəbər verir ki, qərar saat 11:00-da press-reliz formasında yayımlanacaq.

Son iclasların müqayisəsi göstərir ki, qurumun pul siyasəti tonu tədricən sərtləşmədən daha yumşaq mövqeyə keçib. Belə ki, 2025-ci ilin sentyabr və oktyabr iclaslarında uçot dərəcəsi 7% səviyyəsində dəyişməz saxlanılsa da, dekabr ayından etibarən faizlərin azaldılması mərhələsinə start verilib və bu proses 2026-cı ilin fevralında da davam edib.

AMB-nin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 4 fevral iclasında 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib.

Son qərarların əsas motivasiyası inflyasiyanın hədəf diapazonu (2%-6%) daxilində sabitləşməsi və azalma meylinin müşahidə olunması ilə bağlı idi. 2025-ci ilin ortalarında inflyasiya 5–6% intervalında dəyişdiyi halda, ilin sonuna doğru və 2026-cı ilin əvvəlində eniş tendensiyası qeydə alınıb. Eyni zamanda baza inflyasiyanın hədəfə yaxınlaşması monetar yumşalma üçün əlavə imkan yaradılmasına işarə vardı.

Lakin iclasdan cəmi bir həftə sonra illik inflyasiyanın yanvarda 5.2%-dən 5.7%-ə yüksəldiyi təsdiqləndi. Fevralda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.8%, qeyri-qida məhsulları üzrə 3.7%, ödənişli xidmətlər üzrə isə 5.7% artım qeydə alınıb. AMB-nin daha bir diqqətində olan idxal inflyasiyasıdır. 2026-cı ilin yanvar ayında idxal olunan malların qiymətləri 2025-ci ilin dekabr ayındakı səviyyə ilə müqayisədə artım göstərib. İdxal qiymət indeksi ümumilikdə illik müqayisədə 32.5% artım göstərib. 2025-ci ilin dekabrında 26.6% illik artım vardı.uct scaled

Faizlərin ardıcıl endirilməsinə baxmayaraq, bu tendensiya kredit bazarında hələ ki istiqamət üst-üstə düşmür. Yeni verilən kreditlərin orta faizi 17.69%-dən 18.87%-ə yüksəlib. Fiziki şəxslər üzrə 17.07%-dən 17.22%-ə, hüquqi şəxslər üzrə isə 11.63%-dən 11.83%-ə artım qeydə alınıb. Depozit faizləri isə əsasən uçot dərəcəsi ilə korrelyasiya edir. Beləliklə, AMB sədrinin dediyi kimi “avtonom faktor” kredit və depozit faizlərinin eyni istiqamətdə hərəkətinə hələ də mane olur.

Banklararası pul bazarında isə bençmark AZİR faizi 6.7%-dən 6.5%-ə yaxın səviyyəyə geriləyib. Son məlumata görə, 1 günlük təminatsız kreditlərin orta faizi 6.45% təşkil edib.

Qlobal mühitə gəldikdə, əvvəlki iclaslarla müqayisədə risklərin “nisbətən səngiməsi” vurğulansa da, hazırkı şərait fərqlidir. 28 fevral 2025-ci ildən etibarən ABŞ-İsrail və İran arasında gərginlik artıb, tərəflərin enerji infrastrukturunu hədəf alması və dünya neftinin 20%-nin daşındığı Hörmüz boğazı ətrafında risklərin yüksəlməsi bazarlara əlavə təzyiq yaradıb.

AMB yerli mediyaya bildirib ki, bu şəraitdə idxal inflyasiyasının artması ehtimalı diqqət mərkəzindədir və neft-qaz qiymətləri üzrə dəqiq proqnoz vermək çətindir. Bu, əsasən münaqişənin inkişaf istiqamətindən asılı olacaq.

Hazırda inflyasiyanın hədəf çərçivəsinin maksimumu sayılan 6%-ə yaxın səviyyədə lövbət salması və geosiyasi vəziyyət AMB-nin növbəti faiz endirimi ilə bağlı qərarında gözləmə mövqeyini seçməsinə səbəb ola bilər.

 

Son xəbərlər
Digər xəbərlər