7 C
Baku
Thursday, December 25, 2025

AMB: Valyuta bazarı artıq yalnız sabit deyil, struktur olaraq da möhkəmlənib

Azərbaycanın valyuta bazarındakı sabitlik ölkədə qiymət sabitliyinin təmin olunmasında həlledici rol oynamışdır.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir.

2025-ci ilin ötən dövründə nağd və nağdsız seqmentlər üzrə ümumilikdə valyuta bazarında təklif tələbi üstələmişdir. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2.1 faiz bəndi azalaraq 2025-ci ilin noyabrında 29%-ə enmişdir. Əlverişli xarici sektor göstəriciləri valyuta bazarında tarazlığı dəstəkləmişdir. Tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 2025-ci ilin 9 ayında 3 mlrd. ABŞ dolları və ya ÜDM-in 5.4%-i səviyyəsində olmuşdur. Bu şəraitdə ölkənin strateji valyuta ehtiyatları 11 ayda 17.7% artaraq 83.6 mlrd. ABŞ dollarına çatmışdır. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 4.3% artaraq 11.4 mlrd. ABŞ dollarına yüksəlmişdir.

2025-ci ildə pul siyasətinə dair qərarlar makroiqtisadi proqnozlar, inflyasiyanın risk amillərində baş verən dəyişikliklər, valyuta bazarındakı vəziyyət və xarici ölkələrdə faizlərin azaldılması üzrə gözləntilər nəzərə alınmaqla verilmişdir. Dövr ərzində faiz dəhlizi parametrləri öncədən nəzərdə tutulmuş qrafik üzrə 8 dəfə müzakirə edilmişdir. Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinə həsr edilmiş 6 iclasında uçot dərəcəsinin sabit saxlanılması, 2 iclasında isə azaldılması barədə qərar qəbul edilmişdir. Ümumilikdə cari il ərzində pul siyasəti yumşaldılmış, uçot dərəcəsi 7.25%-dən 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi 8.25%-dən 7.75%-ə, dəhlizin aşağı həddi isə 6.25%-dən 5.75%-ə endirilmişdir. Hazırda uçot dərəcəsi son 4 ilin minimum səviyyəsindədir və neytral faiz dərəcəsinə yaxındır.

Son xəbərlər
Digər xəbərlər