Çip istehsalçısı Advanced Micro Devices (AMD) çip tədarükü üzrə saziş çərçivəsində Anthropic şirkətinə 5 milyard dollara qədər investisiya yatırmağa razılaşıb. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. The Wall Street Journal (WSJ) qeyd edir ki, bu, AMD-nin Claude çat-botunun yaradıcısı Anthropic-ə ilk sərmayəsidir.
İyulun 22-də tərəflər strateji tərəfdaşlıq elan ediblər. Razılaşmaya əsasən, Anthropic 2027-ci ilin birinci yarısından etibarən ümumi gücü 2 giqavatadək olan ən yeni AMD Instinct MI450 çiplərini alacaq.
Anthropic-in həmtəsisçisi və hesablama resursları üzrə direktoru Tom Braun bildirib ki, hesablama gücünə çıxış Claude-un qabaqcıl mövqeyini qoruması və müştəri tələbatını ödəməsi üçün həlledici əhəmiyyət daşıyır.
“AMD ilə bütün texnoloji zəncir üzrə əməkdaşlıq edərək biz ehtiyac duyduğumuz hesablama gücünü təmin edir və onu Claude-un öyrədilməsi və xidmət göstərilməsi üçün optimallaşdırırıq”, — deyə o bildirib.
Bloomberg–in sitat gətirdiyi AMD-nin baş direktoru Liza Su isə qeyd edib ki, bu əməkdaşlıq Anthropic-in qabaqcıl süni intellekt sahəsində liderliyini AMD-nin yüksək məhsuldarlıqlı hesablama imkanları ilə birləşdirir.
“Birlikdə süni intellektin tətbiqini sürətləndirəcəyik”, — deyə o vurğulayıb.
Agentliyin yazdığına görə, saziş AMD-nin bazar lideri Nvidia ilə rəqabətdə mövqelərini gücləndirməyə xidmət edir. WSJ hesab edir ki, AMD ilə əməkdaşlıq Anthropic-ə süni intellekt alətlərinə sürətlə artan tələbatı qarşılamağa kömək edəcək.
WSJ qeyd edir ki, son illərdə AMD çip bazarında mövqelərini sürətlə gücləndirib. Şirkət Nvidia-dan asılılığı azaltmağa çalışan süni intellekt tərtibatçılarının artan tələbatından faydalanıb. Bununla belə, AMD çiplərinə tələbat hələ də Nvidia ilə müqayisədə daha aşağıdır. Bunun səbəblərindən biri isə AI şirkətlərinin AMD çipləri üçün tələb olunan proqram təminatı ilə daha az tanış olmasıdır.
Anthropic daha əvvəl İlon Maska məxsus xAI ilə də əməkdaşlıq sazişi bağlayıb və hesablama resurslarını artırmaq üçün Meta ilə danışıqlar aparıb.






