Amerikalılar hər zaman vergi ödəmişlər. Lakin demək olar ki, heç vaxt bunu sevərək etməmişlər.
“Amerikada federal qanunlar” kitabının müəllifi Elliot Brownlee belə bir nəticəyə gəlmişdir ki, Amerika vergilərinin tarixində 4 dönüş nöqtəsi mövcuddur. Bunlar Vətəndaş müharibəsi, Birinci dünya müharibəsi, “Böyük Depressiya” və İkinci dünya müharibəsidir. Bütün bu hallarda ölkə rəhbərliyi tamamilə yeni vergi rejimi yaratmağa məcbur olmuşdu.
Yeni dövlətin – Amerika Birləşmiş Ştatlarının yaranması ilə vergilər nisbətən azalmışdır. 1791-ci ildən 1802-ci ilə qədər ABŞ höküməti spirtin distillə edilməsi prosesinə, at ekipajlarına, rafinə edilmiş şəkərə, tütünə, hərracda satılan əmlaka, korporativ qiymətli kağızlara və qullara vergi təyin edir. Britaniya imperiyası ilə müharibənin başlanması (1812-ci il) vəziyyəti kökdən dəyişir. Büdcəni tamamlamaq məqsədilə satışlara vergi təyin edilir və bu qızıl, gümüş, zinət əşyaları və saatlara aid idi. Lakin 1817-ci ildə ABŞ konqresi bu vergini ləğv etsə də, onun yerini idxal məhsullarına qoyulan gömrük faizləri tutur.
Növbəti vergi islahatlarına 1862-ci ildə, Vətəndaş müharibəsindən sonra başlanılır. ABŞ konqresi ölkə tarixində ilk dəfə olaraq hərbi fəaliyyətləri maliyyələşdirmək üçün gəlir vergisi təyin edir. Bu vergi müasir prinsiplərlə eyni əsasa malik idi. Yəni az gəlirli insanlar yüksək gəlirli insanlara nisbətən daha az vergi ödəyirdilər. Eyni zamanda mərkəzləşmiş vergi xidməti yaradılır. Buna qədər bu funksiyanı ştat qubernatoruna tabe olan məmurlar icra edirdilər.
1932-ci ildə ABŞ-da bütün dövrlərin ən yüksək vergi artımı müşahidə edilir. Buna səbəb isə Böyük depressiya – ölkə tarixinin ciddi iqtisadi böhranı idi. Bu zaman vergilərin artırılmasında məqsəd büdcə kəsrini azaltmaq idi. Fiziki şəxslər üçün gəlir vergisi 55%, şirkətlər üçün vergi 14%-ə çatır. Lakin bu vergi artımı müsbət nəticə vermir. Ölkədə iflas halları artır, iqtisadi fəallıq enir, büdcə kəsri azalmır. Nəticədə vergi islahatının təşəbbüskarı Herbert Hooverр seçkidə Franklin Roosevelt-in xeyrinə olaraq uduzur.
İkinci dünya müharibəsinin başlanması ilə ABŞ-da vergilər ən pik nöqtəyə çatır. Bu zaman tutulan vergilərin bəziləri hətta 96%-ə çatmışdı. Bununla yanaşı, müharibənin başlaması ilə ABŞ iqtisadiyyatında güclü artım müşahidə edilməyə başlayır. Bu zaman işsizlik demək olar ki, yox olur və ÜDM bir il üçün 5.01% təşkil edir.
İkinci dünya müharibəsi başa çatdıqdan sonra Senat və ABŞ konqresində vergilərin azaldılması ilə bağlı kampaniyalar başlayır. Lakin bütün təşəbbüslər prezident Harry Truman tərəfindən rədd edilir. 1948-ci ildə şirkətlər və varlı şəxslər üçün nəzərdə tutulmuş vergilər artırılır. 1950-ci ildə Koreyada müharibənin başlaması ilə vergilər daha da artırılır.
Müharibə sonrası ilk vergi azaldılma prosesi 1961-ci ildə prezident John Kennedy tərəfindən həyata keçirilir. O öz vergi siyasətində Andrew Mellon (1855–1937)-un ideyalarına əsaslanırdı. O bu zaman vergiləri orta hədlə 20-30% azaltmışdı.
XXI əsrə nəzər saldıqda isə, 2001-ci ildə kiçik Corc Buş Reyqanın yolu ilə gedərək vergiləri əhəmiyyətli dərəcədə azaldır. Bu islahatlar 10 il ərzində vergi ödəyicilərinə 1.3 trilyon dollar saxlamalı idi. Buşun islahatları faktiki olaraq ABŞ-ın müharibə sonrası tarixində üçüncü iri miqyaslı vergi azaldılması islahatı olur.