Qarabağın yenidən qurulması və bərpa işlərinin gedişatının sürətlə aparılması məqsədilə minatəmizləmə əməliyyatlarına müqavilə əsasında yerli şirkətlər cəlb olunub.
ANAMA-dan verilən məlumata görə, 2022-ci ilin 1 fevral tarixində ilk yerli şirkət Füzuli-Xocavənd rayonları ərazisində prioritet istiqamətlər üzrə əməliyyatların icrasına başlanıb.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına cəlb olunan yerli şirkətlərin minaaxtaranları ANAMA-nın Əsas Humanitar Minatəmizləmə və Döyüş Sahələrinin Təmizlənməsi təlimlərində iştirak etmiş və akkreditasiyadan keçirilib. Bununla yanaşı, minatəmizləmə əməliyyatlarında iştirak edən şirkətlər Beynəlxalq Minatəmizləmə Standartlarına cavab verən xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları, minaaxtaran itlər, detektorlar, ambulanslar, zirehli texnika, eləcə də fərdi qoruyucu geyimlərlə təchiz olunur.