“Stock Baku” QSC-nin və ya “Anbarım” 2025-ci ildə ümumi gəlirləri 3,9 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2,7% azdır.
Banker.az xəbər verir ki, şirkətin satışların maya dəyəri 2,6% artaraq 837,4 min manata yüksəlib, ümumi mənfəət isə 4,1% azalaraq 3 milyon manat olub. Vergidən əvvəlki mənfəət 6,7% azalaraq 2,3 milyon manata, xalis mənfəət isə 7,9% azalaraq 1,8 milyon manata düşüb. İnzibati xərclər 6,4% artaraq 740,6 min manat olub.
Şirkətin aktivləri il ərzində 15,4% artaraq 15 milyon manata çatıb. Aktivlərin əsas hissəsini təşkil edən uzunmüddətli aktivlər 37,6% artaraq 14,1 milyon manata yüksəlib. Bunun 7,8 milyon manatı investisiya mülkiyyətinin, 4,2 milyon manatı isə əsas vəsaitlərin payına düşüb. Cari aktivlər 67,4% azalaraq 874,3 min manat olub. Pul vəsaitləri 90,8% azalaraq 202,7 min manata, ticarət və digər debitor borcları isə 50,4% azalaraq 24,7 min manata düşüb.
“Stock Baku”nun kapitalı 14,4% artaraq 14,4 milyon manat olub. Bölüşdürülməmiş mənfəət 34,5% artaraq 7,1 milyon manata çatıb, nizamnamə kapitalı isə 7,3 milyon manat səviyyəsində dəyişməyib. Uzunmüddətli öhdəliklər 17 min manatdan 214,3 min manata yüksələrək 12,6 dəfə artıb, cari öhdəliklər isə 4,1% azalaraq 359,1 min manat olub. Ticarət və kreditor borcları 69,8% azalaraq 50,4 min manata düşüb.
Xatırladaq ki, “Stock Baku” QSC 2021-ci ilin iyulunda yaradılıb və əsas fəaliyyət istiqaməti anbar və ofislərin icarəyə verilməsidir. Şirkətin nizamnamə kapitalı 7,343 milyon manat təşkil edir. Səhmdarlar arasında “Reyalin İnşaat və Turizm” AŞ 98,999% payla, Vüqar Həsənov isə 1,001% payla təmsil olunur.







