9 C
Baku
Friday, December 13, 2024

And dağlarında dəhşətli möcüzə

13 oktyabr 1972-ci ildə heyətində Uruqvayın reqbi üzrə Old Christians komandasının üvzləri, həmçinin onların qohumları və sponsorları olan təyyarə And dağlarının yüksəkliklərində qəzaya uğrayır. Qəza zamanı sağ qalanlar 72 gün ərzində sağ qalmaq uğrunda mübarizə aparır. Qəza zamanı qar təbəqəsinin hündür olması təyyarənin nisbətən yumşaq yerə çırpılmasına şərait yaratdı. Lakin buna baxmayaraq, təyyarədə olan 45 insandan 12-si elə hadisə anında, 5 nəfər isə növbəti gün ölmüşdü. Sağ qalan 28 nəfər heç bir qida, isti paltar, yanacaq və dərman vasitələri olmadan soyuq və sərt təbiətlə üz-üzə qaldı.

Qəzadan 11 gün sonra onlar radioda bir xəbər eşitdilər. Xəbərdə deyilirdi ki, artıq axtarışlar dayandırılıb və onların hamısı ölü hesab edilir. 29 oktyabrda təyyarənin gövdəsinə sığınmış sağ qalanlar uçquna məruz qalırlar və onların 11 nəfəri də belə həlak olur. Sağ qalanlar üç gün müddətində cəsədlərlə birgə təyyarə qalıqları ilə qar arasında sıxılı vəziyyətdə qalmalı oldular. Həyatda qalanları havasızlıqdan xilas etmək üçün 23 yaşlı Fernando Parrado pilot kabinəsinə ayaqları ilə zərbə endirərək içəri havanın daxil olmasına şərait yaratdı.

And dağlarında 3600 metr yüksəklikdə nə bitki, nə heyvan yoxdur və ilin bu dövründə temperatur -30 dərəcəyə qədər enir. Onların şokoladları və peçenyeləri bitdikdə aclıq başladı və onlar aclıqdan qurtulmaq üçün ölənlərin ətini yeməyi qərara aldılar. Baxmayaraq ki, bunlar onların tanışları və qohumları idi.

Artıq heç bir köməyin gəlməyəcəyini başa düşdükdə onlar öz güclərinə xilas olmağı qərara aldılar. Belə ki, Fernando Parrado, Roberto Kanessa, Numa Turkatti və Antonio Visintin qərbə hərəkət edərək Çilinin yaşıl dərələrinə çatmağı planlaşdırdılar. Pilotların sözlərinə görə bu dərələr təyyarənin qəzaya uğradığı yerdən bir neçə mil aralıda yerləşməli idi. 18 yaşlı Kanessa heç hara getməyərək qışın bitməsini təklif etdi. Lakin digərləri heç nəyə baxmayaraq irəli getməyi üstün tutdular. İrəli getmək onlar üçün düşərli oldu. Belə ki, onlar yüklə birlikdə təyyarənin arxa hissəsini tapdılar.

Onlar bu yüklər arasında şokolad, siqaret, təmiz paltar tapdılar. Bundan başqa tapıntılar arasında enerji ilə dolu akkumlyatorlar da var idi. Onlar bu akkumlyatorlar vasitəsilə ratsiyanı işlətməyə çalışsalar da bir nəticə vermir və onların tək xilas yolu qərbə tərəf hərəkət etmək olur. Sağ qalanların bir hissəsi düşərgədə qalsa da, 12 dekabr 1972-ci ildə Parrado, Kanessa və Visintindən ibarət ekspedisiya yoluna davam etdi. Lakin üçüncü gün ekspedisiyanın çox vaxt aparacağı məlum oldu və Parrado və Kanessa Visintindən ehtiyat insan əti götürərək onu geri qaytardılar.

Parrado və Kanessa yoluna davam etdi. Nəhayət, 11 gün qar üzərində 55 km yol getdikdən sonra onlar dağ çayına çatdılar və burada çilili çoban Serxio Katalana rast gəldilər. Çoban hökumət qüvvələrinə xəbər verdi və 22 dekabr iki yardım vertolyotu sağ qalanların birinci dəstəsini Santyaqo xəstəxanasına çatdırdılar. 72 gün ərzində sağ qalmağı bacaran 16 nəfərin hamısı xilas edildi.

Bu hadisə “And dağlarında möcüzə” adını aldı. Fernando Parrado yazıçı Pirs Pol Rid ilə bu reys barədə xatirələrini kitab halında nəşr etdirdi və bu kitab bestsellerə çevrildi. 1993-cü ilsə isə bu haqda “Sağ qalanlar” adlı film çəkildi.

Son xəbərlər
Digər xəbərlər