Nasdaq-ın investisiya bölməsi Kraken kriptobirjasının ana şirkəti Payward-a 100 milyon dollar sərmayə yatırıb. Bloomberg-in mənbələrinin məlumatına görə, sövdələşmə Payward-ın 21 milyard dollar dəyərində qiymətləndirilməsi əsasında həyata keçirilib. Razılaşma hələ rəsmi şəkildə elan olunmayıb.
Tərəflər həmçinin Kraken istifadəçilərinə Nasdaq-da listinqdə olan səhmlərin tokenləşdirilmiş versiyaları ilə ticarət etmək imkanı verilməsi barədə razılığa gəliblər. Bloomberg qeyd edir ki, bu tokenlər sahiblərinə adi səhmlərlə eyni hüquqları verəcək.
Mənbələrdən birinin sözlərinə görə, Nasdaq 2027-ci ilin ikinci rübündə öz tokenini də istifadəyə verməyi planlaşdırır.
Nasdaq hələ 2025-ci ilin sentyabrında ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasından bir sıra qaydaların dəyişdirilməsini istəmişdi. Məqsəd birjalara səhmləri tokenləşdirmək və həmin alətlərlə tənzimlənən platformalarda ticarət aparmaq imkanı yaratmaq idi. Tənzimləyici sonradan bu dəyişiklikləri təsdiqləyib.
Tokenləşdirmə real aktivlər üzərində hüquqların blokçeyn əsasında rəqəmsal tokenlərə çevrilməsidir. Bloomberg yazır ki, bazarda bu texnologiyaya Uoll-stritin 24/7 ticarət modelinə keçidini sürətləndirə biləcək alət kimi baxılır.
Nyu-York Fond Birjası da tokenləşdirilmiş səhmlərlə ticarət üçün öz platformasını inkişaf etdirir.







