7 C
Baku
Thursday, December 12, 2024

Anderrayter kimdir və onun vəzifələri

1. Anderrayter –(ingiliscə underwriter) riski təsvir edir, onu qiymətləndirir və təsnifatını həyata keçirir. Və sığorta portfelini formalaşdırır. Anderrayter elə bir insandır ki, onun imzası sözün əsl mənasında milyonlarla dəyərə malikdir.

Anderrayter – Müəyyən sığorta əməliyyatının qəbul edilməsi imkanını və bu qəbulun şərtlərini müəyyən edən sığortaçı və ya ayrıca subyektdir. Anderrayter – sığorta şirkəti tərəfindən sığortada riskin bütün növlərini sığortaya (təkrar sığortaya) qəbul edilməsinə müvəkkil olan şəxsdir. Anderrayter sığorta (təkrar sığorta) portfelinin formalaşmasına cavab verir.

Anderrayter – sığorta sahəsində mütəxəssisdir. Hərfi mənada “anderrayter” “risk altına qol” çəkmək deməkdir.

Anderrayterin vəzifələri sırasına sığorta kompaniyasının adından sığorta müqavilələrinin imzalanması, təklif edilmiş risklərin sığorta (və ya təkrar sığortaya) qəbul edilməsi, konkret fiziki şəxsin və ya obyektin sığortalanmaya qəbulu zamanı risklərin təsnif edilməsi, tarif dərəcələrinin və konkret sığorta müqaviləsinin şərtlərinin müəyyən edilməsi, müəyyən şərtlər çərçivəsində müqavilə imzalamağın mümkünlüyü (və ya qeyri mümkünlüyü) haqqında yekun rəyin çıxarılması, sığorta və ya təkrar sığorta portfelinin hazırlanması.

Anderrayter şəxsi və ya əmlak sığortası ilə əlaqədar olaraq risklərin qiymətləndirilməsi sahəsi üzrə biliklərə malik olmalı, sığorta portfelinin qurulması prinsiplərinə bələd olmalı, sığortanın hüquqi aspektlərini, sığorta kompaniyasının maliyyə dayanıqlığını, büdcə təşkilinin, sığorta ehtiyatlarının yaradılmasını, təkrar sığortalama anderraytinqini, zərərlərin tənzimlənməsini bilməlidir.

İxtisasla bağlı tələblər: ali hüquqi təhsil.

2. Anderrayter – Emitentlə investorlar arasında vasitəçi kimi çıxış edən, qiymətli kağızlar buraxılışının ilkin yerləşdirilməsinə və satışına zəmanət verən və onu təşkil edən şirkət və ya digər qurumdur. Anderrayter emissiya edən şirkətlər üçün qiymətli kağızların buraxılış qiymətini müəyyənləşdirir, qiymətli kağızları emitentdən alaraq investorlara satışını həyata keçirir. Adətən, anderrayter rolunda investisiya bankları, birja brokerləri və ya onların sindikatları çıxış edirlər.

Anderrayter nəinki emitentin qiymətli kağızlarının ilkin açıq satışı ilə bağlı sövdələr bağlayır, emitentə bu satış prosesinə hazırlıqda kömək edir, həmçinin yeni emissiyanı QKDK-da (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçirmə zamanı emitenti müşayiət edir. Lakin anderrayterin ən vacib vəzifəsi qiymətli kağızları əvvəlcədən müəyyən edilməmiş şəxslər dairəsində yerləşdirməkdir.

Anderrayter öz xidmətləri çərçivəsində müştərinin tələblərini müəyyənləşdirir, maliyyə analizini həyata keçirir, potensialı təhlil edir, emissiyanın həcminin, satış qiymətinin müəyyənləşdirilməsi üçün və müştərinin yeni emissiyadan maksimum faydalanması üçün marketinq və təhlillər apararaq müvafiq konsultasiyalar həyata keçirir, emissiya üçün bütün sənədləşmələri tərtib edir və bütün mərhələlərdə prosesi yaxından izləyir və nəhayət yerləşdirməyə tələb toplayır və yerləşdirməni həyata keçirir. Yerləşdirmənin nəticələri təhlil edilir, müvafiq hesabatlar tərtib edilir, gələcək addımların müəyyənləşdirilməsi üçün müvafiq konsultasiyalar təqdim edilir.

Bazar situasiyasından və emitentin xüsusiyyətlərindən asılı olaraq anderrayter ilə iki növ razılaşma imzalana bilər

• «Qəti öhdəlik» (Firm Commitment), bu zaman anderrayter emitentin üçüncü şəxsə sata bilmədiyi qiymətli kağızları özünün alacağına boyun olur;

• «Maksimum səy göstərmək» (Best Efforts Agreement) razılığı, bu anderrayterin qiymətli kağızların satılmayan hissəsini almağı nəzərdə tutmur.

Son xəbərlər
Digər xəbərlər