Avqustun 24-də Anqolada keçirilən ümumi seçkilərdə hazırkı prezident, 68 yaşlı Joao Lourenço yenidən prezident seçildi.
Banker.az xəbər verir ki, Anqola Milli Seçki Komissiyasının məlumatına görə, hakim MPLA partiyası 51.17% səslə seçkilərdə qalib gəlib. Müxalifət partiyası olan Anqolanın Tam Müstəqilliyi Uğrunda Milli Birlik (UNITA) partiyası 43.95% səs toplayıb.
Milli Seçki Komissiyasının sədri Manuel Pereyra da Silva bildirib ki, hazırkı prezident, 68 yaşlı Joao Lourenço artıq qanuni şəkildə seçilmiş prezidentdir. Beləliklə, Lourençoya ikinci müddətə xidmət etmək imkanı verilib.
1954-cü ildə anadan olan Lourenço Portuqaliya işğalına qarşı mübarizə aparan 10 uşaqlı ailədə böyüyüb. MPLA sıralarında Portuqaliyaya qarşı vuruşan Lourenço daha sonra Sovet İttifaqında hərbi təlim keçib. Lourenço 1982-ci ildə ölkəsinə qayıdıb və 1984-cü ildə Moxico qubernatoru olaraq siyasətə başlayıb. 1990-cı illərdə MPLA-da müxtəlif vəzifələrdə çalışan Lourenço 1998-ci ildə partiyanın baş katibi vəzifəsinə yüksəlib. 2014-2017-ci illərdə ölkənin müdafiə naziri vəzifəsini icra edən Lourenço 2017-ci ildən prezident vəzifəsini icra edir.
Qeyd edək ki, Anqola xalqı avqustun 24-də ölkədə keçirilən beşinci çoxpartiyalı seçkidə prezident və 220 deputat seçmək üçün səs verib. Seçkidə səkkiz partiya yarışıb, lakin əsas rəqabət MPLA və UNITA arasında idi.